Azərbaycanda yaxın vaxtlarda "Aİ-92" markalı benzin və dizelin bahalaşacağı ilə bağlı məlumatlar yayılıb. Buna səbəb kimi isə daxili bazarda elektromobillərə keçidi sürətləndirmək göstərilir.

İqtisadçı ekspert Asif İbrahimov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, "Aİ-92" markalı benzinin və dizelin qiymətində artım olarsa, bu, bütün sektorlara öz təsirini göstərə bilər.

Ekspert söyləyib ki, yay mövsümü olmasına baxmayaraq bir sıra meyvə-tərəvəz baha qiymətə satılır. Onun sözlərinə görə, bunun da səbəbi bir çox məhsulların xaricdən gətirilməsi və daxildə istehsal edilən məhsulların maya dəyərinin yüksək olmasıdır:

"Kənd təsərrüfatı da daxil olmaqla maya dəyərinə təsir edən ən önəmli faktorlardan biri də yanacaq məsələsidir. Çünki kənd təsərrüfatında texnikalar dizel yanacağı ilə işləyir. Bundan əlavə, xüsusilə də "Aİ-92"  və dizel yanacağından istifadə olunmaqla daşınmalar həyata keçirilir. Bunlar strateji məhsullar olduğu üçün onların qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Məhsulu istehsal edən və yaxud da emalını həyata keçirən qurum, təşkilat əsaslandırıb Tarif Şurasına müraciət etməlidir. Amma hazırki vəziyyətdə Tarif Şurasının qiymət artımına gedəcəyini düşünmürəm. Çünki yanacağın da qiyməti artarsa, sərnişin daşımadan tutmuş kənd məhsullarına qədər qiymətlərdə artım müşahidə olunacaq".

İqtisadçı ekspert Xalid Kərimli isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, hökumət tərəfindən elektromobillərə keçmək üçün kifayət qədər stimullaşdırıcı addımlar atılıb:

"İstismar müddəti 3 ildən az olan elektrik mühərrikli avtomobillərin ölkəyə idxalı zamanı heç bir vergi, rüsum yoxdur. Hibrid mühərrikli avtomobillərdə də bu cür geniş güzəştlər mövcuddur. Elektrik mühərrikli yeni avtomobillərin gətirilməsi zamanı vergi, rüsum xərcləri 50-60% daha ucuz olur. Amma daxili yanma mühərriki olan avtomobillərin idxalı zamanı kəskin vergilər mövcuddur. Burada istifadəçidən mühərrikin həcmindən asılı olaraq aksiz vergisi, rüsumlar və bir də əlavə dəyər vergisi ödəməsi tələb olunur. Mühərrikin həcmi çoxaldıqca aksiz və rüsumlar da kəskin artır".

Ekspert söyləyib ki, bundan başqa, elektrik mühərrikli avtomobillərin istifadəsinin genişlənməsi üçün onun mühərrikini şarj eləyən avadanlıqların gətirilməsi vergidən azad edilib: "Hətta bu ilin əvvəlində “Azərenerji” və “Azərişıq” ASC-lərə tapşırıq verildi ki, elektrik mühərrikli avtomobillərin mühərrikinin şarj edilməsi, doldurulması üçün şəraiti yaxşılaşdırsınlar. Bu baxımdan benzinin qiymətinin qaldırılması ilə bağlı yayılan xəbərlər, məncə, şayiədən başqa bir şey deyil. Odur ki, "Aİ-92" markalı benzinin qiymətində artım ediləcəyini güman etmirəm. Çünki neftin qiymətinin ucuzlaşması fonunda benzinin bu cür qiyməti əslində hökumətə də sərfəlidir. Neft kəskin bahalaşanda ziyanlı idi, indi isə mənfəətlidir. O baxımdan da qeyri-populist addım atılacağını güman etmirəm. Əgər neftin qiyməti qalxsa, "Aİ-92" markalı benzinə baxıla bilər. Amma indiki məqamda "Aİ-92" markalı benzin Tarif Şurası tərəfindən tənzimlənir və hesab edirəm ki, qiyməti belə saxlanılacaq".

Qeyd edək ki, hazırda ölkədə “Aİ-92” markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelinki isə 80 qəpikdir. 

Sadiq Cavadov