Rusiyanın Ukraynada apardığı işğalçı müharibənin 1 ili tamam olur. Son zamanlarda ABŞ, NATO və Aİ ölkələrinin Ukraynadakı münaqişə ilə bağlı açıqlamalarının, müxtəlif dövlət rəsmilərinin Kiyevə rəsmi səfərlərinin şahidi olduq. Həmçinin 17-19 fevralda keçirilən Münhen Təhlükəsizlik Konfransının və ümumilikdə qlobal siyasətin əsas müzakirə mövzusunu bu münaqişə təşkil edir. Ötən gün isə Rusiya lideri Vladimir Putinin gözlənilən çıxışı baş tutdu. 

İqtisadiyyat.az Ukraynada davam edən müharibəni şərh etməsi üçün politoloq Şahin Cəfərli ilə danışıb: 

 

PUTİNİN SON ÇIXIŞI: SÖNÜK, KƏSƏRSİZ VƏ TƏKRARÇILIQ 

 

"Putinin sözünün çəkisi və kəsəri 1 il əvvəlki kimi deyil. Müharibədən öncəki dövrə nisbətən, Putinin bəyanatlarının qlobal siyasətə təsiri məhdudlaşıb, həmçinin Rusiyanın qlobal siyasətdə rolu azalıb. Açığı Putinin dünənki çıxışından mənim xüsusi gözləntilərim yox idi, amma bu çıxış hətta mənim gözlədiyimdən də sönük alındı. Faktiki olaraq yeni bir fikir söyləmədi, ötən dövrlərdə özünün və digər Rusiya rəsmilərinin bildirdiyi fikirləri, tezisləri təkrarladı. Çıxışın əsas leytmotivi bu idi iki, Putin 1 ildir Ukraynada apardığı müharibəyə və itkilərə bir növ haqq qazandırmağa, daxili auditoriya üçün bu müharibəni əsaslandırmağa çalışdı. 

Demək istədi ki, Rusiya bu müharibəni başlatmağa məcbur idi. Əks halda guya Qərb Rusiyanı məhv edəcəkdi. Bu, daxili auditoriya ilə yanaşı həm də Qərbdəki mühafizəkar çevrələrə də mesaj idi. Putin o çevrələrin gözündə öz siyasətinə legitimlik qazandırmağa çalışır, çünki Avropa və ABŞ-dakı mühafizəkar qruplar, yəni radikal sağ kəsimlər, məsələn Tramp və onun dəstəkçiləri də liberal üsul-idarəsindən, dəyərlərindən narazıdırlar. Buna görə də, Putin bu sözlərlə Qərbdə özünə müəyyən tərəfdar kütləsi, müttəfiq tapmağa çalışır".

 

 

RUSİYA NÜVƏ SAZİŞİNDƏN NİYƏ AYRILDI?

 

"Çıxışda yeganə önəmli məqam ondan ibarət idi ki, Putin Rusiyanın strateji hücum silahlarının ixtisarına dair müqavilədə iştirakını dayandırdı. Bu müqavilə SSRİ-nin son illərində - Qorbaçov dövründə imzalanıb. Sonradan ABŞ və Rusiya ldierləri bu müqaviləni uzadıblar. Hazırda qüvvədə olan bu müqavilənin üçüncü versiyasıdır. Rusiyanın bu müqavilədə iştirakını dayandırmaqda məqsədi ondan ibarətdir ki, Rusiyanın əlində hazırda yeganə ciddi təsir vasitəsi olaraq nüvə arsenalı qalıb. Nüvə başlıqları və o başlıqları daşıyan qitələrarası raketlər.

Rusiya Qərbə mesaj verməyə çalışır ki, siz Ukrayna məsələsindən çox dərinə getsəniz, məni məğlub etməyə çalışsanız, nüvə silahına əl ata bilərəm. Putin bundan şantaj kimi istifadə edir, məqsəd Qərbi Ukraynaya müasir silahlar verməkdən çəkindirməkdir. Qərb Ukraynaya silah yardımını məhdudlaşdırsın və Zelenski höküməti danışıqlar masasına oturmağa məcbur olsun. Düşünürəm ki, bunun da bir faydası olmayacaq. Artıq Qərbdə Rusiyanı məğlub etməklə bağlı bir həmrəylik yaranıb. Bunu Münhen Təhlükəsizlik Konfransındakı çıxışlar da sübut etdi. 

Hazırda NATO-nun birbaşa döyüş əməliyyatlarında iştirak etməsi real deyil. Bu o zaman olar ki, Rusiya nüvə silahından istifadə etsin. Ukraynada taktiki nüvə silahı istifadə edilsə, NATO və ABŞ hərbi əməliyyatlara qoşula bilər".

 

MÜHARİBƏNİN BU İL BİTMƏSİ GÖZLƏNİLƏN DEYİL

 

“Ukraynada müharibə bu il ərzində şiddətlənəcək. Xüsusən də, yaz və yay aylarında hərbi əməliyyatların genişlənəcəyini gözləmək olar. Bu müddətdə Ukraynanın da genişmiqyaslı hücum əməliyyatları gözlənilir. Düşünürəm ki, bu il Ukraynanın döyüş meydanında ciddi uğurları olacaq. Müharibənin bu il bitəcəyini demək olmaz, lakin biz bu il müharibənin taleyini həll edəcək olan döyüşlərin şahidi olacağıq”.

 

SANKSİYALAR RUSİYA İQTİSADİYYATINDA SÖZÜNÜ DEMƏYƏ BAŞLAYIR

 

"Onu da əlavə edək ki, Rusiyaya qarşı qəbul edilən sanksiyalar tez zamanda nəticə verməyəcək. Ekspert deyir ki, biz bunun zamanla təsirini görəcəyik və artıq görməyə başlamışıq. Ötən ilin dekabrından etibarən Rusiya iqtisadiyyatında və büdcə gəlirlərində bu hiss olunmağa başlayıb. Məsələn bu ilin yanvar ayı ilə, ötən ilin eyni dövrü arasında Rusiyanın neft-qaz gəlirləri arasında 50% azalma müşahidə edilir. Bu, kifayət qədər ciddi azalmadır. Eyni zamanda büdcə kəsri getdikcə artır və Rusiya artıq öz strateji ehtiyatlarından vəsait cəlb etməyə başlayıb. Getdikcə sanksiyaların təsiri daha da artacaq və bu, Rusiyanın müharibə aparmaq imkanlarını məhdud hala gətirəcək".

Cavidan Mirzəzadə / İqtisadiyyat.az