Son günlər ölkəmizdə qızdırma, öskürək, baş ağrısı, halsızlıqla müşahidə olunan xəstəlik yayılıb. Bəziləri bunu havaların soyuq keçməsi nəticəsində yaranmış mövsümi xəstəlik, bəziləri isə qrip kimi qiymətləndirirlər.

Həkim-terapevt, tibbi ekspert Rasif Bağırov isə İqtisadiyyat.az-a açıqlamasında deyir ki, hazırda ölkə ərazisində qarışıq formada gedən xəstəliklər müşahidə edilir və kifayət qədər insan bu xəstəliklərdən əziyyət çəkir.

Onun sözlərinə görə, bu xəstəliklərə qızılca, adi soyuqdəymə, eləcə də COVID-19-un bir qolunun virusu daxildir: 

"Sadəcə indiki soyuqdəymələrin əvvəlkilərdən fərqi odur ki, bir az ciddi müalicə alınmasa tam sağalmaq qeyri-mümkün olur, yaxud da sağalma prosesi uzanır. Həmçinin xəstəliyin əlamətləri aldadıcı formada gedir. Xəstə elə bilir ki, tam sağalıb, lakin 3-4 gündən sonra xəstəlik yenidən baş qaldırır. Sonra məcbur olub həkimə getmək istəyəndə bir də görür ki, temperatur və yaxud başqa əlamətlər itib. Belə olan halda xəstə yenidən həkimə getməməyə üstünlük verir. Bəzən olur ki xəstələr 1-2 ay gecikmə ilə həkimə müraciət edirlər. Bu isə sonradan ciddi fəsadlara yol aça bilir".

Tibbdə ən ağır xəstəliyin soyuqdəymələr olduğunu vurğulayan tibbi ekspert bildirib ki, bu, bədən immun sistemindən asılı olaraq müxtəlif dəyişikliklərə gətirib çıxara bilər.

Həkimin sözlərinə görə, bu, ölümcül nəticələrə, yaxud da ömürlük şikəst formasında müalicə almaqla fəsadlaşa bilər. 

Mütəxəssis həmçinin soyuqdəymədən qorunma yollarından da danışıb: "Bəzi insanlar soyuqdəymədən qorunmaq üçün özlərini peyvənd etdirirlər. Onlar müəyyən müddətdə soyuqdəymədən qorunsalar da, həmin peyvəndlər koronavirus, qızılca kimi bəzi spesifik viruslara qarşı dözümlü olmur. Koronavirusun tüğyan edən vaxtlarda bu virusa qarşı vurulan peyvəndlər müəyyən dərəcədə effektivdir".

 

Sadiq Cavadov