"OPEC +"-a daxil olan Səudiyyə Ərəbistanı və bir neçə ölkə toplam hasilatı sutkada 1,649 milyon barel azaltmağa qərar veriblər. Məhdudiyyət may ayının əvvəlində başlayacaq, 2023-cü ilin sonunadək davam edəcək. Hasilat kvotalarının azaldılması ilə bağlı qərarından sonra dünya bazarlarında xam neftin qiyməti bahalaşmağa başlayıb. Proseslər inflyasiyanı artıracaq və mərkəzi bankları uçot dərəcələrinə yenidən baxmağa vadar edəcək. Dünya bazarına gündəlik 600 min bareldən çox beft çıxaran Azərbaycanın neftinin də qiyməti artacaq. Bu həm də ölkəyə əlavə valyutanın daxil olması deməkdir.

Bunu İqtisadiyyat.az-a açıqlamasında Neft Araşdirmalari Mərkəzinin rəhbəri İlham Şaban deyib:

“Bizim neft həcmlərimiz dünyada hər hansısa qiymətin formalaşmasına təsir edəcək gücdə deyil.  Bizim gözləntilərimiz odur ki, qiymətlər büdcədə götürülmüş 50 dollardan kifayət qədər yüksək olacaq. Bunun nəticəsində proqnozlaşdırıldığı kimi 3 milyard manat büdcə kəsirinin qarşılanması üçün əlavə vəsaitlərin cəlbinə ehtiyac qalmayacaq. Büdcəyə əlavə enerji daşıyıcılarından hansı ki, Azərbaycan büdcəsinin əsas valyuta mənbəyidir, onun hesabına valyuta daxil olacaq. Bu da sosial layihələr və digər istiqamətlərin icrası üçün daha yaxşı şərait yaradır".

 

Samir Cabbarov / İqtisadiyyat.az