Bakıda vətəndaş dələduzluq edərək kirayə qaldığı evləri sahiblərinin xəbəri olmadan satıb.

İqtisadiyyat.az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) “Qafqazinfo”nun sorğusuna cavab verib.

“Bakı şəhər sakini Leyla Nəbiyevanın müraciəti əsasında polis orqanında müvafiq araşdırma aparılıb, istintaq hərəkətləri icra olunub.

Araşdırmalarla müəyyən edilib ki, Rauf Kazımov özgənin əmlakını etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə Bakı şəhər sakini Leyla Nəbiyevanı aldadaraq xüsusi mülkiyyət hüququ ilə sonuncuya məxsus Xətai rayonunda yerləşən mənzili ötən ilin iyun ayında icarə müqaviləsi əsasında 1 il müddətinə icarəyə götürüb. 10 gün sonra Rusiya Federasiyasında yerləşən notariat dairəsinə yalan informasiya verməklə etibarnamə əldə edib. Azərbaycana qayıtdıqdan sonra isə Leyla Nəbiyevanın razılığı və məlumatı olmadan həmin etibarnamə əsasında daşınmaz əmlakı başqa şəxsə sataraq ev sahibəsinə 300 min manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq əməlini törədib.

Binəqədi Rayon Polis İdarəsində fakta görə cinayət işi başlanılıb və cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı müəyyən edilib ki, R.Kazımov tanışları Anar Hacıyev, Emin İbrahimov və qeyriləri ilə qabaqcadan əlbir olaraq qrup halında cinayət əlaqəsinə girərək qeyd edilən əməli törədiblər.

Sonra istintaqla araşdırılan yolla mülkiyyətçi tərəfindən sözügedən mənzilə dair bütün mülkiyyət hüquqlarını R.Kazımova etibar edilməsinə dair əldə olunan etibarnamə ilə əvvəlcə Anar Hacıyevə, bundan sonra Dəyanət Əmrahova və nəhayət Azər Həsənova satılmasını həyata keçirərək özgəninkiləşdirilməsinə nail olunub.

İstintaq zamanı R.Kazımov və A.Hacıyevin alqı-satqı proseslərini həyata keçirdikdən sonra ölkə hüdudlarından kənara getmələri müəyyən edilib. 

Bundan başqa Emin İbrahimovun da eyni üsulla cinayət törətməsi faktı əsasında onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi istintaq olunub, həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Hazırda həmin şəxslərin saxlanılması və qrupun digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir”, - açıqlamada qeyd edilib.

***

14;46

Bakıda vətəndaş kirayə qaldığı evi sahibinin xəbəri olmadan satıb. Hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı ev sahibinin oğlu Turan Nəbili “Qafqazinfo”ya müraciət edib.

Şikayətçi bildirib ki, hadisə ötən ilin avqust ayında baş versə də, sonradan xəbər tutublar. Buna səbəb isə kirayənişinin evin aylıq kirayəhaqqını vaxtında ödəməsi olub: “Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən 13 saylı mənzili Kazımov Rauf Cəfəroviçə yaşamaq üçün kirayə vermişdik. O, evdə ailəsi ilə birlikdə qalacağını bildirmişdi. Lakin sonradan xəbər tutduq ki, evimiz qanunsuz yolla satılıb. Belə ki, mənim adımdan Rusiya Federasiyasının Tümen şəhərində saxta pasport və etibarnamə düzəldilərək mənzil satışa çıxarılıb. Ev anam Leyla Nəbiyevanın adınadır. Nə mən, nə anam indiyə qədər Rusiyada olmuşuq. Sözügedən etibarnamənin saxta olduğu notarius sistemində də qeyd olunub”.

Fotoda: Turan Nəbili

Şikayətçi evin alqı-satqısında iştirak edən hər iki şəxsi dələduzluqda ittiham edib. Onun sözlərinə görə, evi alan şəxs də mənzili yenidən satışa çıxarıb.

Turan Nəbili qeyd edib ki, bənzər halla üzləşən digər vətəndaş da var. Belə ki, oxşar hadisə Rəhim İsmayılov adlı ev sahibinin də başına gəlib: “Rəhim İsmayılov da mənim kimi zərərçəkənlərdən biridir. Onunla hər hansı bir tanışlığım yoxdur. Evimizdə kirayə qalan Rauf Kazımov onun da mənzilini eyni üsulla satıb. Belə ki, Rəhim İsmayılovun evinin qiyməti 340, mənimki isə 300 min manatdır. İstəyirik ki, bu məsələ ictimailəşsin, çünki bu dələduzlar ölkədə bizim kimi bir çox adamı aldadır. Məsələ ilə bağlı polisə də, məhkəməyə də müraciət etmişik”.

Zərərçəkmiş onu da qeyd edib ki, hazırda evi Azər Həsənov adlı şəxsin adınadır. Onun iddiasına əsasən, adıçəkilən vətəndaş əvvəllər məhkumluq həyatı yaşayıb.