Son dövrlərdə insanlar üçotaqlı, dördotaqlı mənzillərə nisbətən birotaqlı və ikiotaqlı mənzillərə üstünlük verirlər. Əmlak bazarında ildən-ilə qiymətin bahalaşması insanların daha böyük həcmli evlər almasına imkan vermir. Qiymətin bahalaşması böyük həcmli evlərə də təsir etsə də, bu evlər nisbətən daha az bahalaşır. Əsas əmlak bazarında qiyməti artan mənzillər birotaqlı və ikiotaqlı mənzillərdir. Maraqlıdır, kiçik həcmli mənzillərin qiymətinin artması nə ilə əlaqəlidir?

İqtisadiyyat.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Azadov Valyuta.az-a bildirib ki, vətəndaşların yığım kapitalı daşınmaz əmlakın bahalaşma əmsalı ilə uyğun gəlmir:

“Vətəndaşlar yığım edə bilmədikləri üçün də ipotekalara, kreditlərə müraciətlər çoxalıb. İnsanlar əllərində olan kapital və kreditlə birotaqlı, ikiotaqlı evlərin alınmasına üstünlük verirlər. Banka əmanət yerləşdirib ordan gəlir əldə edən şəxslər gördülər ki, qazanc azdır. Onlar banklardakı əmanətlərini əmlaka yatırım etməyə başladı. Çünki əmlak yatırımında həm illik gəlir faizi çoxdur, həm də insanlar bu tipli əmlakları kirayə verərək daha çox gəlir götürürlər. Buna görə də əllərində olan kiçik vəsaitləri də birotaqlı və ikiotaqlı mənzillərə yatırdılar. Bu baxımdan əmlak bazarında birotaqlı və ikiotaqlı evlərin qiymətləri qalxır”.