"Azərbaycanda ödənişli yolların tətbiqi alqışalayiq addımdır".

Bunu İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib.

Onun sözlərinə görə, beynəlxalq standartlara və normativlərə uyğun yolların salınması ciddi maliyyə vəsaiti tələb edir:

"Nəzərdə tutulan yollar tikinti, istehsal və digər məqsədlər üçün istifadə olunur. Hər hansısa müəssisə o yollardan istifadə edərsə, əldə olunan vəsait büdcədə nəzərə alınacaq. Əks halda yollar dövlət hesabına salınır və müxtəlif şirkətlər fərqli layihələr üzrə yollardan istifadə edirlər. Müəyyən müddətdən sonra yolların istifadəsində hansısa nasazlıq yarananda dövlətin hesabına təmir olunurdu. Bu, ölkə büdcəsinə böyük miqdarda ziyan vururdu. Ona görə də yeni qaydalar aşınan yolların yenidən bərpası üçün bir baza rolunu oynayacaq. Nəzərdə tutulan dəyişiklik həm də dövlət büdcəsinə qənaət deməkdir".

Bir çox inkişaf etmiş və qonşu ölkələrdə ödənişli yollardan sıx istifadə olunduğunu bildirən iqtisadçının sözlərinə görə, həmin yollardan istifadə edən sürücülər ödənişin olmasını normal qarşılayırlar:

"Çünki həmin yollar insanların zəruri tələbatlarını ödəmək üçün gündəlik istifadə etdikləri yollar deyil. Bu yollar adətən sənaye, logistika və yükdaşıma məqsədləri üçün istifadə olunur. Ödənişli yollar üçün tətbiq olunan tariflərə gəlincə isə, burada minimum məbləğlər müəyyən olunub. Qeyd olunan məbləği ödəmək müəssisələr və tikinti fəaliyyəti ilə məşğul olan qurumlar üçün elə də çətin olmayacaq. Nəzərə almaq lazımdır ki, işğaldan azad olunmuş torpaqlarımızda da yenidənqurma işləri başlayıb. Hesab edirəm ki, ödənişli yolların sayı çox olmalıdır. Nəticədə müəssisə hansı yoldan istifadənin daha səmərəli olduğunu ayırd edə biləcək. Ümumiyyətlə, ağırtonajlı yük maşınlarını vətəndaşların gündəlik istifadə etdiyi yollara buraxmaq məqsədəuyğun deyil. Bu yolların aşınmasının qarşısını almaq və əlavə xərclərin artmaması üçün doğru yanaşma olar".

Qeyd edək ki, Tarif (Qiymət) Şurası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müraciəti əsasında Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi üçün tarifləri müəyyən edib. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib. Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).

 

Gülşən Şərif