İsrail-İran münasibətlərinin gərginləşməsi hazırda dünyada siyasi dairələrin əsas müzakirə mövzularından birinə çevrilib. Dünya mediası son bir ayda mütəmadi olaraq bu mövzuda xəbərlər dərc edir. Gərginləşmənin əsas səbəbi isə İranın nüvə proqramının əngəllənməsi ilə bağlı siyasi-diplomatik vasitələrin tükənməsidir. B.Obama hökuməti İranla nüvə anlaşmasına getsə də sonradan D.Tramp rejimi həmin anlaşmadan birtərəfli qaydada geri çəkilmişdi. Co Bayden hakimiyyətə gəldikdən sonra onun adminstrasiyası həmin anlaşmanı bərpa etməyə çalışdı. Hətta tərəflər arasında Vyanada müəyyən danışıqlar da aparıldı. Lakin hər hansı anlaşma əldə olunmadı. 

Hazırda isə müxtəlif Qərb mənbələrində İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığı barədə məlumatlar var. Bildirilir ki, İran uranın zənginləşdirilməsini davam etdirir. Ölkə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE – red) tələblərinə zidd fəaliyyət göstərməkdə ittiham olunur. Qərb isə hesab edir ki, hazırkı bunun qarşısını almağın yalnız bir yolu var – o da hərbi variant. Bu variant bir müddətdir aktuallaşıb. Bəs müharibə ehtimalı varmı? İsrail-İran qarşıdurması nə qədər real görünür?

İqtisadiyyat.az-ın sualını cavablandıran siyasi şərhçi Şahin Cəfərli bunu mümkün sayır:

“İsrail ordusunun komandanlığının bununla bağlı davamlı olaraq planlar hazırladığı heç kimə sirr deyil. Son aylarda ABŞ ilə İsrail ordusunun hərbi təlimləri də intensivləşib. O təlimlərdə də İranın nüvə obyektlərinə raket zərbələri endirilməsi imitasiya edilir. Hərbi əməliyyata qərar verilərsə, təbii ki, quru əməliyyatlar gözlənilmir. Amma İranın nüvə obyektlərinə və ola bilsin hərbi bazalarına aviasiya və raket zərbələri endiriləcək”.

Ş.Cəfərli bu qarşıdurmada İranın mümkün cavab həmləsindən də söz açıb:

“Əgər bu baş verərsə, İran da bunlara cavabsız qalmaq istəməyəcək və əgər ilk hücumlardan raket qurğularını qoruya bilərsə, həm regiondakı ABŞ hərbi bazalarına, həm də İsrailə cavab zərbələri endirməyə çalışacaq. İranın İsraili vura bilən raketləri var. Eləcə də İranın əlindəki digər imkan bölgədə geniş bir proksi güclər şəbəkəsinə sahib olmasıdır. İranın maliyyələşdirdiyi və onun maraqlarını təmin edən silahlı qruplar bölgədə həddən artıq çoxdur. Həm İraqda, həm Suriyada, həm Yəməndə. Livan Hizbullahını da bura əlavə etmək lazımdır. Təbii ki, İran həmin proksi güclərini hərəkətə keçirəcək və həm ABŞ, həm də İsrail hərbi bazalarına qarşı əməliyyatlara başlayacaq. Bölgədə böyük bir gərginlik olacağı şübhəsizdir”.

Bu mövzuda ilk ağla gələn məsələ Azərbaycanın mövqeyi və onu gözləyən təhlükədir. Politoloq Azərbaycanın baş verə biləcək qarşıdurmada zərər görəcəyini ehtimal etmir:

“Burada təbii ki, Azərbaycana qarşı birbaşa təhdid yoxdur. Amma bizim üçün də risklərin olmadığını söyləsək, doğru olmaz. Xüsusən də Azərbaycan-İran münasibətlərinin gərgin olduğu, Azərbaycan-İsrail münasibətlərinin isə inkişaf etdiyi bir məhələdə Azərbaycan üçün də müəyyən risklər var. Amma mən düşünürəm ki, Azərbaycan çalışdığı qədər bu gərginlikdən kənarda qalmağa çalışacaq. Azərbaycanın İrana zərbələr endirmək üçün öz ərazisini İsrailə, ABŞ-yə təqdim edəcəyi inandırıcı deyil. Bizim hökumət buna getməz”. 

Şahin Cəfərli İsrail-İran qarşıdurmasının nəticəsindən heç də ümidli olmadığını bildirib:

“İsrail və ABŞ üçün İranın nüvə obyektlərinə raket-aviasiya zərbələri endirmək asandır, amma bunun nəticələrini də hesablamaq lazımdır. Bu regionun ciddi bir xaosa girməsinə səbəb ola bilər. Əsasən Orta Şərq regionundan söhbət gedir. Bu qarşıdurma uzunmüddətli bir gərginliyin əsasını qoya bilər”.

Cavidan Mirzəzadə / İqtisadiyyat.az