“Apple” müştəriləri son illərdə telefonlarında yaranmış müxtəlif nasazlıqların qarşısını almaq üçün texnologiya nəhənginin mağazalarında cihazlarını təmir etməli olduqlarından şikayətlənirlər.

İqtisadiyyat.az-ın “New York Times”a istinadən xəbər verir ki, müştərilər yeni nəsil cihazların əvvəlkilərlə müqayisədə keyfiyyətsiz, təmir xərclərinin isə baha olmasından narazıdırlar.

Əvvəl “iPhone”u düzəltmək asan başa gəlirdi. Çatlayan ekranlar və xarab kameralar heç bir problem olmadan bir neçə dəqiqə ərzində dəyişdirilirdi. Amma 2017-ci ildən bu yana “iPhone” təmiri  istifadəçilər üçün problem yaradır.

Məsələn, yeni batareyalar xəbərdarlıq mesajlarını işə sala və dəyişdirilmiş ekranlar telefonun parlaqlıq parametrlərini söndürə bilər.

Məlumata görə, problemlər yeni nəsil “iPhone”larda özünü daha qabarıq şəkildə büruzə verir. Araşdırmalar göstərir ki, qırılan ekranın dəyişdirilməsi təxminən 300 dollara başa gəlir ki, bu da standart mağazalardakından 100 dollar bahadır. Başqa cür desək, bir il ərzində “iPhone 14”ün bir neçə dəfə qırılmış ekranın dəyişdirilməsinin dəyəri demək olar ki, telefonun dəyərinə bərabərdir.

Şirkət rəsmiləri isə müştərilərin telefonlarında yaranmış problemə görə yalnız onları günahkar görməsini heç də birmənalı qarşılamır. “Apple” sözçüsü bildirib ki, şirkət müştərilərinin telefonlarını təmir etmək hüququnu dəstəkləyir və kömək etmək üçün özünəxidmət təmir proqramı yaradıb.

İstənilən halda “Apple”dakı bu probemlər onun davamlılığı ilə bağlı suallar doğurur. 

 

Sadiq Cavadov