Rusiyanın Ukraynada apardığı müharibə bir ildən çoxdur davam edir. Tətbiq edilən bütün sanksiyalara və müharibəyə cəlb edilən vəsaitlərə baxmayaraq, Rusiya hələ də müharibəni davam etdirə bilir. Bəs sanksiyalar Rusiya iqtisadiyyatına nə dərəcədə təsir göstərir?

İqtisadiyyat.az mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərlinin fikirlərini öyrənib. O bildirib ki, sanksiyalara baxmayaraq Rusiya iqtisadiyyatının çökməməsinə səbəb bəzi ölkələrin ona yardım etməsidir:

“Rusiyaya qarşı qəbul edilən sanksiyalar gözlənilən effekti vermədi. Rusiya iqtisadiyyat keçən il cəmi 2,4 faiz daraldı. Halbuki, 15-20 faiz daralma gözləntiləri var idi. Buna əsas səbəb odur ki, Çin və Hindistan sanksiyalara qoşulmayıblar və Rusiyaya iqtisadi cəhətdən kifayət qədər yardım edirlər. Sanksiyalardan yan keçməyə kömək edən ölkələr var. Həmçinin Ermənistan da çox ciddi yardım edir. 

Bunlar elə sanksiyalardır ki, qısa zaman ərzində ziyan vurması gözlənilmirdi və belə də oldu. Lakin uzun müddət ərzində ziyan qabaracaq. Əsasən də, texnoloji. Rusiya texnologiya ala bilmir, bu da Rusiyanın zəifləməsinə və əlində olan texniki vasitələrin bir müddətdən sonra yararsız vəziyyətə düşməsinə səbəb olacaq”. 

 

 

İqtisadçı həmçinin əlavə etdi ki, bu ilin sonları və gələn il sanksiyaların Rusiyaya ciddi təsirini görəcəyik:

“Bu il Rusiya üçün asan keçməyəcək. Artıq sanksiyaların alqoritmi işə düşüb. Ötən ilə nisbətən bu ilin yanvar ayında neft-qaz gəlirləri 4 dəfə azalıb. Bu alqoritmalar işə düşdükcə, ilin sonu və gələn il Rusiyada daha böyük çətinliklər olacaq. Bu rublda da özünü göstərir. Rubl uzun müddət sabit qalsa da, artıq ucuzlaşır. 75 rubl 1 dollar civarındadır. İl ərzində 100 rublun 1 dollar olması gözlənilir. Yəni bir müddət sonra sanksiyaların təsiri daha da ciddi hiss olunacaq".

Cavidan Mirzəzadə / İqtisadiyyat.az