Xəbər verdiyimiz kimi, martın 4-də saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində inkassasiya heyətinə silahlı hücum olub. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfərin isə yaralandığı bildirilib. Cinayəti törətməkdə şübhəli bilinən daha iki nəfər də məsuliyyətə cəlb olunub. Bəs bu əməli törədənlər qanunla neçə il müddətinə azadlıqdan məhrum olunacaqlar? 

Bununla bağlı İqtisadiyyat.az-a danışan vəkil Elşad İsayev bildirib ki, cinayətkarlar hələ ki, bir maddə ilə ittiham olunacaqlar:

“Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsinə əsasən bu əməl quldurluq, hədə-qorxu ilə pul tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməkdir. Bu maddə ilə isə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası ala bilərlər”.

Xatırladaq ki, istintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qudrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.