Bu gün Bakıda kişi və qadın idman gimnastikası üzrə Dünya kubokuna start verilib.

İqtisadiyyat.az xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov Dünya kuboku yarışlarının ölkəmizdə yeddinci dəfə təşkil olunduğunu bildirib. O qeyd edib ki, 2016-cı ildə Bakıda ilk dəfə bu növ üzrə dünya “Challenge” kuboku, “AGF Trophy”, 2017-ci ildən etibarən isə dünya kuboku yarışları ənənəvi olaraq uğurla keçirilir.

Dörd gün davam edəcək Dünya kuboku yarışlarında 48 ölkədən 173 gimnast çıxış edir. Bu, ölkəmizdə gimnastika növləri üzrə keçirilən dünya kuboku yarışları tarixində iştirakçı ölkə sayına görə rekord göstəricidir. Yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri keçiriləcək. Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Yarışda ölkəmizin idman şərəfini Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov qoruyurlar.