2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 48 ölkəsinə 19,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Bu barədə İqtisadiyyat.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”na istinadən xəbər verir.

Qeyd edilib ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 45 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2023-cü ilin yanvar-dekabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 5,8 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 4,1 milyon ABŞ dolları ilə Lüksemburq, 1,6 milyon ABŞ dolları ilə BƏƏ, 1 milyon ABŞ dolları ilə Almaniya və 724,9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.