“Biznes Mühiti və Beynəlxalq Reytinqlər szrə Komissiyanın işçi qruplarının rəhbərlərindən xahiş olunub ki, bu ilin II yarısına qədər icra və kommunikasiya planları hazırlansın”.

“Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) nümayəndəsi Vüsal Şıxəliyev Komissiyanın “Ekvita” audit şirkıti ilə birgə keçirdiyi “Dövlət-özəl sektor dialoqu” mövzusunda “dəyirmi masa”da deyib.

“Burada səsləndirilən bütün təklifləri ciddi şəkildə təhlil edərək, icra və kommunikasiya planlarında əks olunmasına çalışacağıq ki, artıq növbəti yarımillikdə onların həllinə nail olaq", - deyə o, qeyd edib.

V.Şixəliyev həmçinin deyib ki, bu addımlar bütövlükdə Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılmasına xidmət edir: "Xatırlayırsınızsa, 2018-ci ilin sonunda cənab prezident 40-dan çox normativ sənəd, o cümlədən 20-dən çox qanun, fərman və sərəncar imzalayıb. Bunlar biznes nümayəndələrinin tövsiyyələri nəzərə alınmaqla, onların qarşılaşdıqları məsələlərin həllinə yönəlmiş paket sənədlər idi”.