Azərbaycanda son illər boşanma hallarının sayı çoxalıb. Cari ilin ilk ayında 1729 boşanma halları qeydə alınıb. Bu da o deməkdir ki, ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,6-dan 2,0-a qədər artıb. Bu isə aliment məsələsini gündəmə gətirir. Məlumat üçün bildirək ki, bu il yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Amma buna baxmayaraq bir neçə gün əvvəl mətbuatda boşanma ilə əlaqədar keçirilən məhkəmə prosesində fantastik məbləğdə aliment təyin olunması ilə bağlı məlumatlar dərc olunub. Qeyd edilib ki, birinci instansiya məhkəməsi tərəfindən iki uşaq üçün 20 000 manat məbləğində aliment pulu təyin olunsa da, sonradan apellyasiya məhkəməsi bu qərarı ləğv edib.

Bəs Azərbaycanda aliment pulu necə hesablanır?

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev İqtisadiyyat.az-a açıqlamasında deyir ki, sabit pul məbləğində aliment həmin il üçün uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu həddində olur.

Onun sözlərinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Belə saziş olmadıqda, yaxud da saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğu barədə əmlak bölünməsi məsələsini müəyyən etməlidir:

"Aliment məbləğinə gəlincə, 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;  3 və  daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı hesablanır. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər".

Sabit pul məbləğinin miqdarı necə tənzimlənir?

R.Əliyev vurğulayıb ki, bu pulun məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir: "Həmçinin tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Praktikada daha çox rast gəlinən isə odur ki, adətən sabit pul məbləğində aliment həmin il üçün uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu həddində olur. Əgər tərəflər nikah pozulmasa belə faktiki ayrı yaşayırlarsa və uşaqlar valideynin birinin yanındadırsa, yaxud da birgə nikah dövründə uşaqlara baxmırsa, bu halda digər valideyndən aliment tələb edilə bilər. Yaxud tərəflər arasında ümumiyyətlə nikah olmasa belə, atalıq müəyyən olunduğu halda ananın uşaq üçün aliment tələb etmək hüququ var". 

Vəkil söyləyib ki, həmçinin aşağıdakı şəxslər nikah pozulduqdan sonra zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:

- hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad
- 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) 
- nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad)
- ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).

Hansı hallarda aliment verilməyə bilər?

Vəkillər Kollegiyasının üzvü qeyd edib ki, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilən hallar aşağıdakılardır:

- uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;
- aliment ödənilən uşaq övladlığa götürüldükdə;
- aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;
- aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;
- əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.

Gülşən Şərif