Noyabrda ABŞ-ın xam neft və mayeləşdirilmiş təbii qaz istehsalı rekord səviyyəyə çatıb.

İQTİSADİYYAT.AZ FED.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən ay Birləşmiş Ştatların xam neft və mayeləşdirilmiş təbii qaz hasilatı bu ilin 11 ayının maksimumuna yüksəlib. Belə ki, noyabrda ABŞ-ın neft hasilatı əvvəlki ilə görə 5,7 faiz artaraq gündəlik orta hesabla 11,7 milyon barrelə çatıb. Ölkədə mayeləşdirilmiş təbii qaz istehsalı isə keçən ay 2017-ci illə müqayisədə 11,2 faiz çoxalaraq 4,6 milyon barrel olub.

Qeyd edək ki, ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – sutkada orta hesabla 10,04 milyon barrel təşkil edib.

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, ABŞ dünyanın ən böyük xam neft istehsalçısı ola bilər.

EIA-nın noyabr ayı üzrə proqnozuna görə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq orta hesabla 10,9 milyon barrel, gələn il isə 12,1 milyon barrel təşkil edəcək.