İstismara veriləndən bu ilin oktyabrın sonunadək Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Ümid" qaz-kondensat yatağından təqribən 8,2 milyard kubmetr qaz və 1 milyon 260 min tona yaxın kondensat hasil edilib.

Bu barədə İqtisadiyyat.az Energetika Nazirliyinə istinadən məlumat verir.

Bildirilir ki, yataqdan sutkada orta hesabla 6,7 milyon kubmetr qaz və 800 tondan artıq kondensat hasil edilir.

Yatağın qaz ehtiyatları 200 milyard kubmetr, kondensat ehtiyatları isə 40 milyon ton həcmində qiymətləndirilir.

Xatırladaq ki, bu gün "Ümid" yatağının kəşfindən 13 il keçir.

İstismarına 2012-ci ildə başlanılmış "Ümid" yatağının kəşfi 24 noyabr 2010-cu ilə təsadüf edir və Azərbaycanın müstəqillik dövründə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən kəşf edilən ilk qaz-kondensat yatağı kimi tarixə düşüb.

“Ümid” perspektivli struktur kimi 1953-cü ildə Azərbaycan geoloqları tərəfindən aparılan kəşfiyyat işləri zamanı müəyyən edilib. Yataq Xəzər dənizi akvatoriyasında, Bakı şəhərindən 75 km cənubda yerləşir. Sahəsi 45 km² olan strukturun ərazisində dənizin dərinliyi 40-60 metr aralığındadır.