Dövlət Kontrakt Korporasiyası - "Azərkontrakt" ASC 2023-cü ili 41,703 milyon manat xalis mənfəətlə başa vurub.

İqtisadiyyat.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 3,6 dəfə azdır.

Ötən il "Azərkontrakt"ın təbii qaz satışından gəlirləri 1 milyard 520,829 milyon manat (əvvəlki ilə nisbətən 9,2 % az), satışının maya dəyəri 1 milyard 383,597 milyon manat (1,8 % az), nəqletmə xərcləri 76,562 milyon manat (2,6 % çox), qazın yeraltı anbarlara vurulması xərcləri 13,133 milyon manat (4 % az), anbarlardakı itkilərə görə zərəri 7,505 milyon manat (3,4 % çox), anbarlardan qazın götürülməsi xərcləri 12,096 milyon manat (7,3 % çox), magistral xətlərdəki itkilərə görə zərəri 4,512 milyon manat (5,9 % az), texnoloji sərfiyyat xərcləri 2,091 milyon manat (7,3 % çox), işçi heyəti ilə bağlı xərcləri 2,554 milyon manat (2,2 dəfə çox), tranzit haqları xərci 156 min manat (2,6 dəfə çox), qaz nəqlindən gəlirləri 34,101 milyon manat (1,9 % çox), faiz gəlirləri 2,768 milyon manat (2 dəfə çox), faiz xərcləri 33 min manat (25 dəfə az), digər xərcləri 2,931 milyon manat (2,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 10,827 milyon manat (3,4 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə "Azərkontrakt"ın aktivləri 636,399 milyon manat olub ki, bu da illik müqayisədə təxminən 11,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 6,4 % artaraq 363,087 milyon manata, balans kapitalı isə 18 % artaraq 273,312 milyon manata çatıb.

"Azərkontrakt" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,539 milyon manatdır. Səhmdar cəmiyyəti 4 ildir ki, ölkədə təbii qazın istehsalçılardan satın alınması, nəqli, ölkə daxilində paylanması və istehlakçılara satışnın təşkil edilməsi ilə məşğuldur.