Macarıstan ilin sonuna qədər Türkiyənin BOTAŞ şirkəti ilə qaz alqı-satqısı müqaviləsi imzalanacağını gözləyir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ilə Budapeştdə görüşdən sonra bildirib.

"Türkiyə Macarıstanın enerji resursları ilə təmin olunmasında mühüm rol oynamağa davam edəcək və ilin sonuna qədər Türkiyənin ən böyük enerji şirkəti ilə qaz alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı danışıqlar aparılır", - XİN rəhbəri feysbuk səhifəsində yazıb.

Bundan əvvəl Siyarto bildirmişdi ki, Macarıstan 2024-cü ilin yaz və yay aylarında Türkiyədə hasil edilən 275 milyon kubmetr qaz almağı planlaşdırır. Nazir qeyd edib ki, BOTAŞ-la müqavilə üzərində iş yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, bu, Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində Türkiyənin rolunu daha da artıracaq.

Siyarto həmçinin vurğulayıb ki, Rusiyadan və digər ölkələrdən qazın Avropaya keçdiyi tranzit ölkə kimi Türkiyənin əhəmiyyəti Azərbaycandan gələn yanacaq tədarükü və gələcəkdə Türkmənistandan mümkün qaz nəqli ilə əlaqədar daha da artacaq. Xarici işlər naziri hesab edir ki, bu səbəblərə görə Macarıstan və Türkiyə arasında enerji əməkdaşlığı “yeni səviyyə əldə edir”.