"Ölkəmizin yollarında sürət rejiminin pozulması ilə bağlı ciddi problemlər mövcuddur".

Bunu İqtisadiyyat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib.

Onun sözlərinə görə, müşahidələrə əsasən, ən ağır qəzalar məhz sürət rejiminin pozulması səbəbindən baş verir. Ekspert deyir ki, sürət rejiminə səmərəli nəzarət yol hərəkəti təhlükəsizliyinin təmin olunmasının əsas amillərindən biridir. Bu baxımdan sürət rejiminə səmərəli nəzarət mütləq olmalıdır:

"Əslində Bakı şəhəri üçün maksimal sürət həddi müəyyənləşdirilib. Bu sürət 60 km/saat kimi təyin olunub. Bakıda Xəqani küçəsi və bəzi ərazilərdə isə sürət həddi 30-40 km/saata qədər endirilib. Radarlar əsasən yol qəzaları daha çox olan ərazilərdə quraşdırılır. Buna baxmayaraq, problemi kökündən həll etmək mümkün deyil".

Sürücülər niyə yüksək sürətə meyillidir?

Ekspert hesab edir ki, sürət sevgisi sürücülərin içindəki cahillikdən və enerjili olmaqdan irəli gəlir: "Mütəxəssislərimizin yol mühəndisliyi, yol nişanlarından düzgün istifadə ilə bağlı təcrübələri çoxaldıqca, bu kimi problemlər də tədricən azalacaq. Bundan başqa, ictimai qınaq kampaniyası işə düşməlidir, vətəndaş cəmiyyəti aktiv və fəal olmalıdır. Bu il yolda sürət həddini aşmaya görə cərimələr artırılıb. Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq".

"Hesab edirəm ki, cərimələrin artırılması və ya sərtləşdirilməsi sürücülərin nəzarət kameraları olmayan ərazilərdə də sürət həddinə əməl etməsinə yol aça bilər. Çünki insanlarımız psixoloji olaraq cərimə və cəzalardan uzaq durmağı üstün tuturlar", - deyə İlqar Hüseynli əlavə edib.

 

Gülşən Şərif