“Mançester Yunayted”dən ayrıldıqdan sonra heç bir komanda ilə müqavilə imzalamayan və hələ də klubsuz olan ispan qapıçı David de Xeanın bir çox Səudiyyə klublarının gündəmində olduğu iddia edilib.

"Operativ Media" "The Sun"a istinadən xəbər verir ki,  "Old Trafford"da 12 illik karyerasında 545 matça çıxan əfsanəvi qolkiperin qısa müddətdə Səudiyyə komandaları ilə anlaşa biləcəyi qeyd edilib.

Xəbərə görə, De Xea ilə yaxından maraqlanan komandalar arasında Stiven Cerrardın çalışdırdığı "Əl-Ettifaq" da var. Səudiyyə Ərəbistanı komandası isə astronomik təkliflə ulduz futbolçunun fikrini özünə cəlb etmək istəyir. Heyətində Cordan Henderson, Corcinyo Viynaldum və Demarai Grey kimi keçmiş Premyer Liqa oyunçuları olan "Əl-Ettifaq" 14 həftədən sonra liqada 7-ci pillədə qərarlaşıb.

Digər tərəfdən De Xea ilə maraqlanan komandalar arasında Devid Bekhemin sahibi olduğu və heyətində Lionel Messinin də yer aldığı "İnter Mayami"nin də olduğu bilinir. 2011-ci ilin yayında "Atletiko"dan "Mançester Yunayted"ə transfer olunan De Xea "Yunayted" 2012/13 mövsümündə Ser Aleks Ferqyusonun baş məşqçi kimi son mövsümdə Premyer Liqa çempionu olanda qapıçı olub.