Fransa Liqa 1 komandası PSJ-nin 12,5 faiz səhmi Amerikanın "Arctos Partners" şirkətinə satılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Klubdan verilən açıqlamada "Arctos Partners"in PSJ-nin qlobal böyüməsini sürətləndirəcəyini ifadə edərək "Biz yeni bazarlara genişlənməyə davam etmək, müxtəlif coğrafiyalardan olan azarkeşlərlə əlaqə saxlamaq və bütün dünyada idman investisiya imkanlarını araşdırmaq üçün Arctos Partners ilə əməkdaşlıq edirik" deyə bildirilib.

PSJ prezidenti Nasser Al-Khelaifi səhm satışının klub üçün mühüm dönüş nöqtəsi olduğunu qeyd edərək, "Bu müqavilə klubumuzun davamlı uğur və böyüməsinə böyük töhfə verəcək" deyib.

Fransa mətbuatında yer alan xəbərlərdə klubun satışdan sonra dəyərinin 4,25 milyard avroya çatdığı bildirilib.

MLS və NBA daxil olmaqla idman sektorunda 20-dən çox təşkilata sərmayə qoyan "Arctos Partners" noyabr ayında Formula 1 komandası "Aston Martin"in  səhmlərinin bir hissəsini satın alıb.