"Bu gün bir çox hallarda həkim olmayan insanların tibbi prosedurları icra etməsinə rast gəlinir və onlar dolğu və botoks kimi tətbiqlər həyata keçirirlər".

Bunu İqtisadiyyat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Onun sözlərinə görə, ixtisasca kosmetoloq olmayan və bu işin peşəkar təhsilini almayan adamlar bu fəaliyyət növü ilə məşğuldurlar.

Sosioloq deyir ki, qeyd olunan sahədəki xaotik vəziyyətin bir səbəbi də müvafiq ali təhsil müəssisəsində kosmetologiya fakültəsinin olmamasıdır: "Ona görə də hazırda ölkəmizdə bu sahə üzrə özünü mütəxəssis sayanların böyük əksəriyyəti əslində kosmetoloq-həkim deyil, Türkiyədə müəyyən ödənişli şərtlərlə bir həftəlik kurslara cəlb olunaraq sertifikat alıb gələnlərdir".

L.Mehralı bildirib ki, hazırda biznes sahələri arasında ən gəlirli sahələrdən biri gözəllik xidmətləri hesab edilir: "Sahibkar bunu bilir və obyektinin gəlir gətirməsini istəyir. Sahibkar obyekti ilə bağlı qiymət tənzimləməsi ilə azaddır. Sahibkar icarə şərtlərini özü tənzimləyir, icarədar ilə bu şərtlər əsasında razılaşırlar. Əslində qazanc da icarə haqlarına adekvat olur. Gözəllik salonlarındakı xidmət növü daim təlabat olan növdür, özünü inkişaf etdirəndir. Buraya bir dəfə kapital yatırmaqla uzun müddət qazanc əldə etmək olur. Məsələn, bir lazer aparatı 15-20 min manat dəyərində olur, bir lazer seansı isə minimum 35 manatdır. Gün ərzində 10 belə seans edən kosmetoloq öz xərcini də, cihazın ödənişi üçün tələb edilən aylıq məbləğin bir hissəsini də çıxarır".

Bəs görəsən, gözəllik salonları üçün nəzarət mexanizmi varmı?

L.Mehralı vurğulayıb ki, qanuna əsasən Səhiyyə Nazirliyi gözəllik salonlarında yoxlamalar apara bilməz. Bu işlə şikayət olarsa, prokurorluq məşğul olur.

 

Gülşən Şərif