Prokurorluq İspaniyanın Barselona şəhərindəki əyləncə mərkəzində bir qadına qarşı cinsi təcavüzdə ittiham olunan və yanvarın 20-dən həbsdə olan braziliyalı futbolçu Dani Alveşə 9 il həbs cəzası istəyib.

İqtisadiyyat.az xəbər verir ki, Alveş hadisəsi ilə bağlı alınan ifadələr və ekspertiza rəyindən sonra istintaqı tamamlayıb kifayət qədər dəlil toplayaraq işi açan Barselona Məhkəməsi prokurorluğu braziliyalı futbolçuya cinsi təcavüzə görə 9 il həbs və 150 min avro təzminat tələb edib.

Prokurorluq həmçinin Alvesin cəzasını başa vurduqdan sonra 10 il müddətində məhkəmə nəzarəti altında saxlanmasını və sözügedən qadının yaşadığı yerdən ən azı 1 kilometr aralıda olmasını təmin etmək üçün tədbirlərin görülməsini istəyib.

Qeyd edək ki, 2022-ci il dekabrın 30-na keçən gecə Barselonada bir diskotekada 23 yaşlı qadına cinsi təcavüz etməkdə günahlandırılan Alveş yanvarın 20-də Meksikadan Barselonaya gəldikdən sonra saxlanılmış, daha sonra məhkəmə tərəfindən həbs edilmişdi.