Azərbaycan və Qazaxıstan arasında neft-qaz, neft məhsulları kimi sənaye sahələrində monitorinqlərin aparılması və hesabatlılığın təmin olunması istiqamətlərində müasir rəqəmsal texnologiyaların tətbiqi üzrə mümkün əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

İqtisadiyyat.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə energetika nazirinin müavini Samir Vəliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində keçirilən tədbirlərdə iştirak üçün ölkəmizə səfər edən Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye nazirinin birinci müavini Aset Turısovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşü zamanı bildirilib.

S. Vəliyev SPECA həftəsi çərçivəsində keçirilən tədbirlərin iqtisadiyyatın digər sahələri ilə yanaşı enerji sektorunda da regional əlaqələrin inkişafı baxımından əhəmiyyətindən danışıb. O, nazirliklər arasında əməkdaşlığın qurulması və inkişafı üçün yaxşı fürsət olduğunu bildirib.

Eyni zamanda, iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsində Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub