Azərbaycan-Avropa İttifaqı Strateji Enerji Tərəfdaşlığı sənədinin icrası ilə bağlı Yol Xəritəsini yeniləyəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında bildirib.

O qeyd edib ki, bu barədə P. Şahbazovun Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simsonla görüşdə razılıq əldə edilib.

“BƏƏ-də Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson ilə görüşdə Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Dəhlizi, enerji dialoqumuzun digər prioritetlərinə dair səmərəli müzakirələr apardıq. Azərbaycan-Aİ Strateji Enerji Tərəfdaşlığı sənədinin icrası ilə bağlı yol xəritəsini yeniləməyi razılaşdırdıq”, - deyə, nazir əlavə edib.

P.Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Rumıniya Parlamentinin ətraf mühit və ekoloji tarazlıq komissiyasının prezidenti Virgil-Daniel Popesku ilə də görüşüb.

"Azərbaycanın Yaşıl Enerji siyasətinin hədəfləri və töhfələrinin nümayiş olunduğu milli pavilyonunda Rumıniya Parlamentinin ətraf mühit və ekoloji tarazlıq komissiyasının prezidenti Virgil-Daniel Popesku ilə görüşümüz oldu. Enerji tərəfdaşlığımıza dair fikir mübadiləsi etdik", deyə nazir qeyd edib.