Avropa İttifaqı (Aİ) Ukraynaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq etdikdən sonra qaz idxalı üçün təxminən 185 milyard avro ödəmək məcburiyyətində qalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika Təşkilatı (Eurostat) məlumat yayıb.

Məlumata görə, ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) idxalı xərcləri Avropa ev təsərrüfatlarının büdcəsinə təzyiqləri artırıb.

Bildirilib ki, Brüssel Moskvaya ilk dəfə məhdudiyyətlər qoymağa başladığı vaxtdan Aİ-nin orta aylıq qaz idxalı xərcləri 15,2 milyard avroya yüksəlib. Bunun 7,7 milyard avrosu mayeləşdirilmiş təbii qaza (LNG), qalan 7,5 milyard avrosu isə boru kəməri qazına xərclənib.

Beləliklə, Aİ-yə üzv dövlətlər 20 ay ərzində qaz idxalına ümumilikdə 304 milyard avro xərcləyiblər.

Qeyd edilib ki, Aİ-nin Rusiya enerjisinə alternativ tapmaq uğrunda mübarizəsindən bir sıra ölkələr faydalanıb: Böyük Britaniya (27 milyard avro), Norveç (24 milyard avro) və Əlcəzairdir (21 milyard avro).

 

Gözəl Həşimova