Ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi Zaqatala rayonunun kənd təsərrüfatı üçün prioritet istiqamətlərdən biridir.

Dövlətimizin başçısının fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Zaqatala rayonunda yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır.

Belə ki, 2016-cı ilə kimi rayonda cəmi 9 min 575 hektar fındıq bağı mövcud idisə, bu ilin sonunadək fındıq bağlarının ümumi sahəsi iki dəfədən çox artırılaraq 20 min 301 hektara çatdırılıb. Təkcə bu ilin yaz və payız mövsümlərində rayon ərazisində 796 hektar sahədə yeni fındıq bağları salınıb.

Bu barədə Zaqatala Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.

Qeyd edək ki, 2019-cu ildə Zaqatalanın fındıq bağlarından 15 min 343 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 275 ton artıb.