Macarıstan Ukraynadakı münaqişənin həlli istiqamətində öz sülh missiyasını davam etdirəcək və qarşıdakı həftə bu məqsədə nail olmaq üçün daha bir sıra görüşlər keçirəcək.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq bəyanatı Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ölkəsinin Avropa İttifaqı (Aİ) Şurasına sədrliyinin birinci həftəsinin yekunlarına aid çıxışında deyib.

"Macarıstanın Baş naziri Viktor Orbanın iyulun 2-də və 5-də Kiyevə və Moskvaya səfərləri təkcə Aİ liderlərinin narazılığına deyil, həm də bəzi avropalı siyasətçilərin dəstəyinə səbəb olub", - Siyarto öz videomüraciətində qeyd edib.

Onun sözlərinə görə, Macarıstan son iki il yarım ərzində silahların ötürülməsi, quru qoşunlarının göndərilməsi fantaziyaları və nüvə silahından istifadə ilə bağlı şayiələr vasitəsilə Avropada hərbi böhranı daim dərinləşdirənlər tərəfindən hücuma məruz qalır.