Azərbaycana qarşı təhdid və təzyiq siyasəti davam edir.

Bu məsələ həm beynəlxalq aləmdə aparılır, həm də sahədə. Prosesləri izləyəndə maraqlı mənzərə ilə qarşılaşırıq. Avropa İttifaqı bir yandan bəyan edir ki, Qarabağa humantar yardım üçün Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolunu dəstəkləyirlər. Digər yandan isə Qarabağa göndərilən 19 TIR-ın yoxlanılması prosesində yaxından iştirak edirlər. Onların hansı əməlləri səmimidir? Sahədə etdikləri, yoxsa verdiyi bəyanatlar? Bu sualın ən düzgün cavabı "maraqları" olardı.

Laçındakı sərhəd-keçid məntəqəsinin qurulmasının əhəmiyyəti hər keçən gün daha da artır. Sərhəd-keçid məntəqəsi ilə Azərbaycan Xankəndində bayrağını dalğalandırmasa da, Qarabağda yaşayan ermənilərə ərazinin sahibi kimdir göstərir və hiss etdirir. Təkcə Qarabağdakı yox, elə Ermənistan vətəndaşları da istədikləri vaxt əllərini-qollarını sallayaraq Qarabağa rahat gəlib-gedə bilmirlər. Sərhəd-keçid məntəqəsinin digər əhəmiyyəti isə Azərbaycan tərəfinin informasiya yığması ilə bağlıdır. Belə ki, rəsmi Bakı Qarabağda yaşayanların kimlikləri barədə dəqiq informasiyalar əldə edir. Bunun üzərinə axtarışda olanların saxlanılmasını təmin edə bilir. Misal üçün, Vaqif Xaçaturyan!

 

 

Birinci Qarabağ müharibəsi zamanı cinayət törətmiş təxminən 720 nəfər Azərbaycan tərəfindən axtarılır. Həmin şəxslərin böyük hissəsi Qarabağda, bir qismi Ermənistanda, bir hissəsi Rusiyada, az hissəsi isə Avropa və Amerikada yaşayır. Yeri gəlmişkən,  Ermənistanda yaşayanların bir hissəsi uzun illər hakimiyyətdə olublar. Sərkisyan, Köçəryan müharibə zamanı səhra komandirləri olublar.

Azərbaycan tərəfi axtardığı cinayətkarlardan biri olan Vaqif Xaçaturyanı Laçın sərhəd-keçid məntəqəsində saxlayıb. Təsəvvür edin, həmin bu cinayətkarlar o qədər arxayın olublar, qorunacaqlarını düşünüblər ki, nəinki qaçıblar, hətta rahatlıqla sərhədi keçməyə də cəhd edirlər.

Vaqif Xaçaturyan 1988-89-cu illərdən başlayaraq proseslərdə iştirak edib. Onun Meşəli qətliamında əli olması barədə artıq mətbuatda informasiya gedib. İddia olunur ki, Xaçaturyan 1996-cı ildən başlayaraq Samvel Babayanın sürücüsü olub. Məsələ ondadır ki, müharibənin ilk günlərindən Xaçaturyanla Babayan yaxın münasibətdə olublar. Hətta əsirlikdə olan çoxlu sayda insan da bildirir ki, Xaçaturyanla Babayan həmişə bir yerdə olublar. Əsirlikdə olanlarla söhbətdən çıxarılan nəticə bu yöndədir ki, Xaçaturyan Samvel Babayanın qara işlərini görməklə məşğul olub. Belə ki, hələ müharibə bitməmiş belə əsirlər Xankəndində işlədilirdi. O zaman Samvel Babayan və digər rəhbər şəxslər Şuşa türməsindən əsirləri gətirərək işlədirdi. Çoxlu sayda əsir Samvel Babayanın parniklərində, Sərkisyanın villasının tikintisində işlədiliblər. Samvel Babayan üçün işlədilən əsirlərin hər biri Vaqif Xaçaturyanı gördüyünü deyir. Xaçaturyan Şuşanın işğalında, Laçın dəhlizinin açılmasında və Xocalı soyqırımında iştirak edib və cənfəşanlığı ilə seçilib.

Vaqif Xaçaturyan sürücülüklə yanaşı, Samvel Babayanın qara işlərini görüb. Belə ki, qeyri-qanuni bütün əməllərdə Xaçaturyanın adı keçir.

Vaqif Xaçaturyanın ələ keçirilməsi təkcə öz əməllərinə cavab verəcəyi baxımdan əhəmiyyətli deyil. Xaçaturyan Samvel Babayanın ən yaxınında olduğuna görə həm də son dərəcə ciddi informasiya daşıyıcısıdır. Onun Azərbaycan istintaq orqanlarına verəcəyi məlumatlar Qarabağda törədilən cinayətləri daha çox şaxələndirəcək, yeni cinayətkarları ortaya çıxaracaq. Erməni tərəfinin bu qədər narahat olmasında və onun geri qaytarılması üçün Avropa Məhkəməsinə müraciət etməsində əsas səbəb də budur.

 

 

Xaçaturyanın həbsi Qarabağdakı cinayətkarları hərəkətə gətirəcək. Belə ki, onlar Qarabağdan qaçmağın, məsuliyyətdən yayınmağın yollarını axtaracaqlar. Burada iki variant var. Onlar ya şərti sərhədi keçib Ermənistana qaçmağı düşünəcəklər, ya da Rusiya sülhməramlılarının helikopterləri vasitəsi ilə gedəcəklər. Hesab edirəm ki, Rusiya tərəfindən birbaşa göstəriş almış şəxslərin Qarabağdan çıxarılmasında Rusiya sülhməramlıları özü də maraqlı olacaq. 

Pul qarşılığında da bunun olacağı təəccüblü olmaz. Başqa bir ehtimal isə informasiya daşıyıcısı olan şəxslərin ölüm hallarına da şahid olacağıq. Onların Azərbaycan tərəfinin əlinə keçməsi Azərbaycanın əlini son dərəcə gücləndirəcək. Məhz buna görə onların aradan götürülməsi yönündə də addımlar atılacaq. Şübhəsiz ki, bu işdə Ermənistan xüsusi xidmət orqanları fəaliyyət göstərəcək. Bu istiqamətdə Qarabağda hərəkətli günlərin şahidi olacağıq. Qarabağda yaşayan ermənilərin yazdıqlarından da bunu anlamaq mümkündür.