Avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə növbəti görüş təşkil edilib.

DTX-dən İqtisadiyyat.az-a bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib və tədbir çıxışlarla davam etdirilib.

Çıxış edənlər şanlı salnaməmiz olan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman hərbçilərimizin tarixi qələbə qazandıqlarını və bu zəfərlə Azərbaycanı dünyaya qalib ölkə kimi tanıtdırdıqlarını vurğulayıb, şəhid ailə üzvlərinin və müharibə iştirakçılarının dövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmalarından ətraflı bəhs ediblər.

Qeyd edilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri, həmçinin qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması prosesinin surətlə və fəal şəkildə həyata keçirilməsi ölkəmizdə uğurla aparılan qətiyyətli siyasi xəttin sayəsində mümkün olur.

Çıxışlar bitdikdən sonra tədbir iştirakçıları vətənpərvərlik mövzusunda konsert proqramına tamaşa ediblər.