Tarix boyunca özlərini dost kimi deyil, düşmən kimi aparan ermənilərin öz qonşularından xeyli şeyi mənimsədikləri hər kəsə məlumdur. Torpaqdan tutmuş mədəniyyətə qədər xeyli şeyi özününküləşdirən ermənilər adlarımıza da sahib çıxmaq iddiasındadır. Dəfələrlə erməni cəmiyyətində rast gəlinən adlar və soyadlar azərbaycanlıları təəccübləndirir. Məsələn, Ermənistanın keçmiş Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, erməni politoloq Stepan Həsən-Cəlalyan, tibb üzrə ekspert Araz Chiloyan, Vaqif Xaçatryan və s. Siyahını uzatmaq olar. Amma son adda dayanaq. Bir neçə gün əvvəl Laçın nəzarət-buraxılış məntəqəsində müalicə üçün İrəvana getməyə hazırlaşan Xankəndi sakinlərindən biri Azərbaycan gömrükçüləri tərəfindən saxlanıldı. Azərbaycan tərəfindən vaxtı ilə beynəlxalq axtarışa verildiyi, 1991-ci ildə "Meşəli" cinayətlərində azərbaycanlılara qarşı törədilən qanlı cinayətlərdə iştirak etdiyi şübhəsi ilə saxlanılan Vaqif Xaçatryanın adı cəmiyyətdə maraqla qarşılandı. Vaqif adında erməni olar? Görünür olarmış. 

Bu isə ilk belə hal deyil. Azərbaycanlılar arasında geniş yayılan adların ermənilərdə də rast gəlinməsi nədən qaynaqlanır?   

Mövzu ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran AMEA-nın Dilçilik İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov bu cür adları fərqləndirərək üç qrup üzrə təsnif edib: "Eyni olan adları biz şərti olaraq üç növ üzrə qruplaşdırsaq, belə demək olar: müsəlman adları. Məsələn, Həsən. İslamdan gəlmə addır. (hazırda eyni ad-soyadda erməni politoloq var: Stepan Həsən-Cəlalyan - red.), yaxud Məlik Allahverdi var, Məlik Şahnəzər var. Bunlar müsəlman adlarıdır. Amma ermənilərdə də rast gəlinir.

 

 

Digər qrup qədim Sasani-İran mənşəli adlardır. Məsələn, Xosrov. Bu ad müsəlman adı deyil. Sasani dövründən qalma addır. Ermənilər də İran mədəniyyətinin tərkib hissəsi olduğuna görə bu ad onlarda da istifadə edilib. 

Bir də türk mənşəli adlar var. Baxmayaraq ki, adın mənşəyi türk olmaya bilər. Amma bu adlar adətən türklərdə, azərbaycanlılarda rast gəlinir. Məsələn, Vaqif. Bu ada daha çox azərbaycanlılarda, bir də nə qədər qəribə səslənsə də ermənilərdə rast gəlinir". 

Dilçi-alimin sözlərinə görə, ermənilərin bu adları bizdən götürməsi şübhəsizdir: "Bu adların böyük əksəriyyətini onlar azərbaycanlılardan götürüblər. Biz onlardan götürməmişik. Eyni olan adlara fikir versəniz, görərsiniz ki, onlar xristian adları deyil. Müsəlman olan azərbaycanlı heç övladına xristian adı qoyar? Qoymaz əlbəttə. Oxşar adlar ya müsəlman, ya türk, ya da fars mənşəli adlardır ki, onların da hamısı azərbaycanlılarda rast gəlinib. Ermənilər də bizimlə qonşu olduqlarına görə bizdən götürüblər. 

Laçın postunda saxlanılan Vaqif Xaçatryana gəlincə, mənim eşitdiyimə görə, onun atası azərbaycanlıdır".

E.İsmayılovun fikrincə, ermənilərin ad götürməsi bu coğrafiyada türklərin əsas söz sahibi olmaları ilə bağlıdır: "Eyni coğrafiyada yaşasaq da, burada söhbət mədəniyyətin daşıyıcısının kimliyindən gedir. Bu coğrafiyada əsas mədəniyyət daşıyıcısı türklər, azərbaycanlılar olub. Təkcə 19-cu əsrdə 300-ə yaxın erməni aşığı olub. Bizim sazımızı çalıb dilimizdə oxuyublar. Yəni mədəniyyətin daşıyıcısı, aparıcı xalq nöqteyi-nəzərindən, dövlət quruculuğu nöqteyi-nəzərindən əsas aparıcı xalq türklər olduğuna görə onlar öz adlarını bizimkilərə oxşadıblar". 

Tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev bu mövzuda tarixi faktlardan söz açıb: "Qarabağ, Zəngəzur ərazisində 18-ci əsrə aid bəzi xaçdaşların adlarına fikir versək, müsəlman adlarına rast gələrik. Allahverdi ən çox rast gəlinən adlardan biridir. Məsələn, digər məşhur nümunə Şahnəzərovlardır. Vaxtilə Vərəndə məlikliyinin başçıları olublar. Qarabağ xanına çox yaxın olublar. Onların Pənahəli xanla mütəffiqliyi də olub. İndi rusiyalı kinorejissor Karen Şahnazarov türk əsilli olduğunu etiraf edir. Amma faktiki olaraq ermənidir. Yaxud ermənilərin soyadları arasında Bəylərbəyovlar var. Ermənidilər, amma soyadları bizimkidir". 

 

 

Tarixçi-alim bu oxşarlığın səbəbini ermənilərin bir növ özlərini qorumaq ehtiyacı ilə əlaqələndirib: "Bunların öz dövlətləri olmayıb. Həmişə kimlərinsə hakimiyyəti altında olublar. Ona görə də bir növ özlərini qorumaq üçün yerli xalqların adətlərini mənimsəyib adlarını götürürdülər. Bunu ona görə edirdilər ki, onlara toxunan olmasın. Müsəlman çoxluğun ətrafında azlıq olduqları üçün adları, soyadları mənimsəməklə bir növ özlərini qorumağa çalışırdılar".