"Münaqişələrin davam etdiyi Sudanda əhalinin 40 faizindən çoxu aclıq məngənəsindədir və bu rəqəm 2022-ci ilin mayından bu yana iki dəfə artıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Qebreyesus Sudanda aprel ayında başlayan qarşıdurma səbəbindən humanitar vəziyyətin pisləşməsindən narahat olduqlarını ifadə edib: "Sudan əhalisinin yüzdə 40-dan çoxu aclıqdan əziyyət çəkir. Bu rəqəm keçən ilin may ayından bu yana iki dəfə artıb".

Sudanın dərman, tibbi ləvazimat, elektrik və suya çıxış imkanlarının məhdud olduğunu qeyd edən Qebreyesus münaqişədən təsirlənən dövlətlərdə səhiyyə xidmətlərinin göstərilməsində çətinliklərin olduğunu qeyd edib.

Digər tərəfdən, o, Efiopiyanın şimalında yerləşən, ölkənin ikinci ən sıx bölgəsi Amharada davam edən qarşıdurmadan da narahat olduqlarını bildirib.

Efiopiyada federal hökumət Amhara bölgəsində ordu ilə yerli milislər arasında toqquşmaların artması fonunda avqustun 4-də fövqəladə vəziyyət elan edib.