Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Hamed Əl Taninin iştirakı ilə iki ölkə arasında müxtəlif sahələrdə 12 əməkdaşlıq sazişi və Ali Strateji Komitənin 9-cu İclasının Birgə Bəyannaməsi imzalanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd edilib ki, Lüsail sarayında baş tutan görüşdən sonra Ərdoğan və Əl Taninin sədrliyi ilə Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 9-cu Toplantısı keçirilib.

Görüşdən sonra Ərdoğan və Əl Taninin iştirakı ilə iki ölkə arasında müqavilələrin imzalanma mərasimi baş tutub.

"Türkiyə Respublikası ilə Qətər Dövləti arasında Ali Strateji Komitənin Doqquzuncu Toplantısı haqqında Birgə Bəyannamə"ni Türkiyənin xarici işlər naziri Hakan Fidan və Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani imzalayıblar.

Əldə edilən razılaşmalar xarici siyasət, mədəniyyət və turizm, sosial məsələlər, daxili işlər, təhsil, müdafiə, sənaye və texnologiya, xəzinə və maliyyə məsələlərini əhatə edib.