Tayvanda baş verən zəlzələ nəticəsində 9 nəfər ölüb, 821 insan yaralanıb.

Bu barədə İqtisadiyyat.az "Reuters"a istinadən xəbər verir.

***

11.04

Tayvanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 7-ə çatıb.

Bu barədə İqtisadiyyat.az "Reuters"a istinadən xəbər verir.

Zəlzələ nəticəsində xəsarət alanların sayı 711 nəfərə yüksəlib.

***

08.44

Çərşənbə günü səhər saatlarında Tayvan sahillərində baş verən güclü zəlzələ nəticəsində azı 4 nəfər ölüb, ən azı 97 nəfər yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tayvanın “Çjunşi Sinvenyan” informasiya portalı məlumat yayıb.

Daha əvvəl “Reuters” adanın yanğınsöndürmə idarəsinə istinadən 1 ölü və 50-dən çox yaralı haqqında məlumat yayıb.

Zəlzələ Pekin vaxtı ilə saat 07:58-də (Bakı vaxtı ilə 03:58) baş verib və bütün Tayvanda hiss olunub. Yerli seysmoloqların məlumatına görə, zəlzələnin episentri Hualyan şəhərindən 25 km cənub-şərqdə Sakit okeanda, zəlzələ ocağı isə 15,5 km dərinlikdə yerləşib. Bundan sonra ərazidə 20-dən çox yeraltı təkan qeydə alınıb.

08:12

***

Okinava adasının cənub-qərbində 7,7 bal gücündə zəlzələnin baş verməsi nəticəsində azı 1 nəfər ölüb, 50 nəfər yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib. Bundan sonra hündürlüyü 3 metrə çatan sunami təhlükəsi elan edilib.

Adanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, bu, son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələ olub.

Yapon meteoroloqlar ilk zəlzələnin maqnitudasını 7,5 bal həcmində hesablasa da, sonradan rəqəm 7,7-ə yüksəldilib.

Birinci zəlzələdən dərhal sonra 6,6 bal gücündə ikinci zəlzələ baş verib.

Daha sonra Tayvanın şərqində maqnitudası 5,4-ə qədər olan daha dörd zəlzələ qeydə alınıb.

Adanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, maqnitudası 6,5-ə çatan 40-a yaxın afterşok qeydə alınıb.

Tayvanın Mərkəzi Xəbər Agentliyi seysmoloqlara istinadən xəbərdarlıq edib ki, yaxın günlərdə Tayvan yaxınlığında 7,0 bal gücündə zəlzələlər baş verə bilər.

İlk yeraltı təkanlardan təxminən 15 dəqiqə sonra “NHK” telekanalı sunaminin Tayvan sahillərindəki Yonaquni adasına çatdığını bildirib. Tayvanın Hualien şəhərində isə bir neçə bina dağılıb, 87 mindən çox ev güclü zəlzələdən sonra işıqsız qalıb, Quançjouda qatarların hərəkəti dayandırılıb.

Yapon meteoroloqları daha sonra sunaminin İşigaki adasının sahillərinə çatdığını vurğulayıblar.