"Beş Macarıstan vətəndaşı Qəzza zolağında Fələstinin HƏMAS qruplaşmasının girovluğundadır və Macarıstan hökuməti İsrail və üçüncü ölkə ilə təmasda olarkən onların azad edilməsi üçün çalışır". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijjarto bildirib.

O qeyd edib ki, İsraildə girovların azad edilməsi üçün xüsusi idarələrarası qrup məşğul olur və orada HƏMAS-ın əsirliyindəki şəxslərin siyahısı var: "Bu siyahıda Macarıstan vətəndaşlığı olan beş nəfər var və İsrail hakimiyyəti bu məsələ barədə daim işləyir".

Szijjarto həmçinin bildirib ki, bölgədə mütəmadi olaraq vasitəçi kimi çıxış edən və insanların həyatını xilas etməkdə artıq nəticələr əldə edən üçüncü ölkə var: "Keçən cümə günü mən bu üçüncü ölkənin xarici işlər naziri ilə danışdım. Onlar girovları tez bir zamanda azad etmək üçün HƏMAS-la təmasda vasitəçilik etməyə çalışırlar. Onların da beş macardan xəbəri var".

Szijjartonun sözlərinə görə, o, həmkarından İsraildə olan və HƏMAS tərəfindən əsir götürülmüş Macarıstan vətəndaşlarının azad edilməsi üçün mümkün olan hər şeyin ediləcəyinə dair zəmanət alıb.