Böyük Britaniyanın Baş naziri Rişi Sunak israillilərə hücum edən HƏMAS döyüşçülərinin hərəkətlərini qeyri-insani və qəbuledilməz adlandırıb. 

İqtisadiyyat.az xəbər verir ki, Sunak həmçinin ölkəsinin İsrailə kömək etmək, eyni zamanda krallıqda yaşayan yəhudiləri hücumlardan qorumaq üçün nə lazımdırsa edəcəyini bildirib.

"Sülhə həsr olunmuş festivalda günahsız yeniyetmələr soyuqqanlılıqla güllələnib və bu faktın dəhşətli sübutları internetdə yerləşdirilib. Bu, qeyri-insani və qəbuledilməzdir. Terrora qalib gəlmək mümkün deyil", - Sunak deyib. 

"Biz onlara dəstək vermək üçün İsrail hakimiyyəti ilə işləyirik və hücumlardan təsirlənən və qohumları ölən Britaniya vətəndaşlarına kömək etmək üçün əlimizdən gələni edirik. Mən ölkəmizdəki yəhudi icmalarının üzvlərinə də müraciət etmək istəyirəm: sizinləyəm. Özünüzü təhlükəsiz hiss etməyiniz üçün bütün lazımi addımları atırıq", - Baş nazir qeyd edib.