Tarixən taxılçılığın inkişaf etdiyi Azərbaycanda dən üyütmək üçün su və yel dəyirmanlarından geniş istifadə edilib. XX əsrdə elektriklə işləyən dəyirmanların yaranması su dəyirmanlarının sıradan çıxmasına və unudulmasına səbəb olub. Lakin ölkəmizdə bu gün də fəaliyyət göstərən su dəyirmanlarına rast gəlmək olur. Belə dəyirmanlardan biri də Bərdə rayonunun Kələntərli kəndindədir.

Dəyirmanın sahibi İsmayıl Əliyev bildirib ki, su dəyirmanını ötən əsrin 90-cı illərindən işlədir. Bununla o, həm qədim sənəti yaşadır, həm də keyfiyyətli un istehsal edir. “Bu dəyirmanı 1990-cı ilin əvvəllərində - elektrik enerjisinin fasilələrlə verildiyi, əhalinin çörəyə, una ehtiyacı olduğu bir dövrdə qurmuşam. Su çarxını adi dəmirdən düzəltmişəm. Dəyirmanın işləməsi yük avtomobilinin sürət qutusu, difer və digər hissələri, kombaynın remenləri və əlavə güc reduktorları vasitəsilə təmin edilir. Dəyirman buraya gələn suyun səviyyəsindən aşağıda tikilib. Arxla gələn su çarxı, avtomobilin kardanı isə daşı fırladaraq işə salır. Avtomobilin sürət qutusu və difer vasitəsilə dəyirman daşının fırlanması sayı dəfələrlə artır. Dəyirman enerji sərfiyatı olmadan, sadəcə su vasitəsilə işləyir. Dəyirmanda üyüdülən unun miqdarı suyun gurluğundan asılıdır. Belə ki, yayda arxda su az olduğundan sutkada 150-300 kiloqram, qışda isə suyun gurluğu çox olduğu üçün 500-600 kiloqram un üyüdülür".

Hazırda təbii, kəpəkli qara una tələbat olduğunu bildirən İ.Əliyev deyib: "Su dəyirmanında buğdanı üyüdərkən un yanmır, keyfiyyətli olur. Bu undan bişirilən çörək daha dadlı və ətirlidir. Odur ki, damaq dadını və sağlamlığının qədrini bilənlər su dəyirmanının unundan istifadə edirlər. Dəyirmana ən çox şəkərli diabetdən, həzm sistemi və qan təzyiqindən əziyyət çəkənlər müraciət edirlər. Qonşu kəndlərin, ətraf rayonların sakinləri dəyirmanın unundan mütəmadi olaraq istifadə edirlər. Respublikanın digər regionlarından, Bakı və Mingəçevir şəhərlərindən də sifarişlər olur. Əhali tərəfindən gətirilən buğdanı üyütməklə yanaşı, həm də unun satışı ilə məşğul oluruq”.

Kənd sakini Süleyman Həsənov 22 ildir su dəyirmanında üyüdülən undan istifadə etdiklərini bildirib: "Buğdanı gətirib dəyirmanda üyüdür, çörəyi təndirdə bişiririk. Bu dəyirmanda üyüdülən unudan bişirilən çörək çox dadlı olur. Mağazada satılan unla bu unun arasında fərq çoxdur".

Keçmişi xatırlayanlar "Vaxtilə təndirdə bişən çörəyin ətri kəndin yarısına yayılırdı" deyirlər. Bərdənin Kələntərli kəndinə bu gün də dəyirman ununun çörəyinin ətri yayılır.(azərtac)