Beynəlxalq reytinq agentliyi “S&P Global Ratings” neft qiymətlərinin qarşıdakı rüblərdə sabit qalacağını, “Brent” markalı neftin orta qiymətinin 2023-cü ilin qalan hissəsi və 2024-cü ildə 1 barel üçün 85 ABŞ dolları olacağını gözləyir.

İqtisadiyyat.az xəbər verir ki, iyunun sonundan etibarən “Brent” markalı neftin qiyməti 28 % artaraq 1 barel üçün 95 ABŞ dollarından yüksək olub və bu da qismən Səudiyyə Ərəbistanının hasilatın azaldılmasına dair qərarı ilə bağlıdır.

“Enerji qiymətlərinin artması inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları tərəfindən gələcək faiz dərəcələrinin azaldılmasını ləngidə və ya gecikdirə bilər”, - hesabatın müəllifləri qeyd ediblər.

Beynəlxalq reytinq agentliyi hesab edir ki, enerji sektoru inkişaf etməkdə olan ölkələrin istehlak qiymətləri indeksi (İQİ) səbətində inkişaf etmiş ölkələrə nisbətən əhəmiyyətli dərəcədə yüksək çəkiyə malik olmağa meyillidir: “Belə ki, inkişaf etməkdə olan ölkələrdə həm nəqliyyat üçün yanacaq, həm də ev təsərrüfatları üçün elektrik enerjisi daxil olmaqla, enerji xərcləri İQİ səbətinin 10 %-ni təşkil edir. Məsələn, ABŞ-da bu rəqəm 6,9 %-dir. Bəzi inkişaf etməkdə olan ölkələrdə enerji sektorunun İQİ-də payı ABŞ-dakından iki-üç dəfə çoxdur. Məsələn, Polşada enerji qiymətləri İQİ səbətinin 18,3 %-ni, Macarıstanda isə 13,3 %-ni təşkil edir. Ötən illə müqayisədə enerji resurslarının orta qiymətinin aşağı olması deflyasiya prosesinə kömək edib. Lakin neft qiymətlərindəki son artım davamlı olarsa, bu tendensiyanı ləngidə və ya hətta geri sala bilər. İnkişaf etməkdə olan ölkələrdə enerji qiymətlərinin artımı 2022-ci ildə illik 15,5 %-dən bu il (avqusta olan göstəriciyə əsasən) 4,2 %-ə qədər azalıb”.

Lakin araşdırmada iki əsas məsələ diqqət çəkir: "Son aylarda təbii qazın qiymətləri sabit qalır. Bu o deməkdir ki, təbii qaz ciddi şəkildə bahalaşmasa, bir çox hallarda hasilatı “mavi yanacağ”a əsaslanan elektrik enerjisinin qiyməti çox da artmaya bilər. Bundan başqa, bəzi inkişaf etməkdə olan iqtisadiyyatlarda enerji qiymətləri (elektrik və ya yanacaq) hökumət tərəfindən tənzimlənir, yəni qlobal enerji qiymətlərindəki artımlar həmişə daxili enerji qiymətlərində oxşar artımlara çevrilmir. Belə hallarda hökumət adətən subsidiya hesabına bu xərcləri üzərinə götürür”.

Agentliyinin hesabatında bildirilib ki, neft qiymətlərinin son artımı ABŞ dollarının geniş miqyasda yenidən möhkəmlənməsi fonunda baş verir və bu, inkişaf etməkdə olan bazarlarda inflyasiyaya potensial təsirləri artırır: “Çili pesosunda neftin qiyməti iyunun sonundan etibarən təxminən 45 %, Macarıstan forintində 40 %, Polşa zlotısında və Türkiyə lirəsində isə təxminən 35 % artıb”.

Qeyd edilib ki, neft qiymətlərindəki son artım davam edərsə, inkişaf etməkdə olan ölkələrin bəzi mərkəzi bankları faiz dərəcələrinin azaldılmasını ləngidə və ya gecikdirə bilər: “Bu ölkələrdə enerji qiymətləri artarsa, xarici hesab balansları əhəmiyyətli dərəcədə pisləşə bilər və bu, daxili valyutaların dəyərdən düşməsinə təzyiq göstərir (xarici maliyyələşdirməyə ehtiyacları artırır)”.

İnkişaf etməkdə olan ölkələrdən olan böyük xalis enerji idxalçıları qrupu arasında yüksək enerji qiymətləri Çili, Polşa və Macarıstanda faiz dərəcələrinin azaldılması tempini ləngidə, Tailand, Filippin və Hindistanda faiz dərəcələrinin aşağı salınmasının başlanmasını gecikdirə və faiz dərəcələrinin daha da artırılmasını təşviq edə bilər. "Bu proses Türkiyədə də gözlənilir. Türkiyənin Mərkəzi Bankı daha konservativ pul-kredit siyasətinə keçir və bu da faiz dərəcələrini əhəmiyyətli dərəcədə artıraraq ikirəqəmli inflyasiya ilə (avqustda illik 60 % civarında) mübarizə aparmaq deməkdir. Repo əməliyyatlarının bir həftəlik faiz dərəcəsi iyunda olan 8,5 %-dən hazırda 30 %-ə qədər yüksəlib. Gələn aylarda da bu artımın davam edəcəyi gözlənilir. Yüksək enerji qiymətləri inflyasiya gözləntilərini və faiz dərəcələrinə təzyiqi artıra bilər”, - "S&P" hesab edir.