Parlamentin ötən həftə keçirilən iclasında “Dövlət rüsumları haqqında” qanuna dəyişiklik müzakirə olub. Məktəbəqədər müəssisə yəni, uşaq bağçalarının açılması üçün 3000 manat rüsum ödənilməsi də müzakirə mövzularından biri olub. İqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, əksər inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsil müəssisəsi açmaq üçün dövlət subsidiyalar və güzəştli kreditlər verir. “Biz isə yüksək rüsumlarla yeni bağçaların açılmasının qarşısını alırıq. Halbuki, məktəbəqədər təhsil müəssisələrində təhsilin və tərbiyənin keyfiyyətini artırmaq üçün bu sektorda rəqabəti gücləndirməliyik. Nəzarətin artırılması ilə belə müəssisələrin sayının çoxalması bu sahədə daha keyfiyyətli xidmətin təklif olunmasına imkan yarada bilər”.

Təhsil müəssisələri açılan zaman tələb olunan məbləğ barədə İqtisadiyyat.Az-a danışan təhsil eksperti Kamran Əsədov isə hətta 5 ildən bir akkreditasiya üçün tələb olunan məbləğin də çox olduğunu bildirib:

“İlk onu qeyd edək ki, Azərbaycanda istər ali, istərsə də orta məktəblərin sayı bir ölkə üçün dünya üzrə qəbul olunmuş göstəricidən kifayət qədər azdır. 2013-cü ildə ölkə prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, ali təhsilin əlçatanlığı, əhatə dairəsinin genişlənməsi ilə bağlı dövlət strategiyası qəbul olunub. Özəl sektordan kifayət qədər böyük lisenziya haqqları tələb olunur. Adicə liseyin açılması üçün rüsum 10 min manat, universitet üçün 15 min manat təşkil edir. Nəzərə alaq ki, təhsil müəssisələrinin tikintisi, avadanlıqların alınıb quraşdırılması üçün milyonlar tələb olunur. Üstəlik 5 ildən bir akkreditasiyadan keçməsi üçün yenidən dövlət rüsumlarının tələb olunması digər mənfi tendensiyadır. Düzdür, rüsum olmalıdır, amma nəyəsə əsasən? Təsəvvür edin ali məktəblərin akkreditasiyadan keçməsi üçün 20 min manat, peşə məktəbləri üçün 15 min manat tələb olunur. Belə deyək, təhsil müəssisəsi açılarkən 15 min manat, 5 ildən bir akkreditasiya olunması üçün də 20 min manat verməlidir. Müəllimlərin əməkhaqqı, kommunal xərclərini də nəzərə alsaq, müəssisə də özünə yük düşməsin deyə təhsil haqqlarını artırmağa məcburdur. 5 ildən bir akkreditasiya üçün məktəbəqədər müəssisələrdən 3000 manat, peşə məktəblərindən 5000 manat, məktəbdənkənar müəssisələrdən 7000 manat alınır. Sonra şikayət edirik ki, Azərbaycanda təhsil haqqları yüksəkdir. Ona görə yüksəkdir ki, onun digər xərcləri var. Məsələn, Azərbaycanda adicə kolleclərin təhsil haqqları Türkiyə universitetlərindən çoxdur. Dövlət rüsumlarının çox olması bir neçə təhsil müəssisəsinin fəaliyyətinə ciddi təsir göstərəcək, hətta bağlanmasına da səbəb olacaq. Dövlət bu yönümdə öz dəstəyini göstərməlidir ki, rəqabət güclənsin”.

 

Mehman Nəbiyev