“Böyük Britaniya Azərbaycandan olan tələbələr üçün prioritet ölkədir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Bakıda Böyük Britaniya kralı III Çarlzın rəsmi ad günü münasibətilə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu il hər iki ölkə, xüsusən də ikitərəfli münasibətlər üçün bir çox hadisələrlə yadda qalıb: “Ötən müddət ərzində Kraliça II Yelizaveta vəfat edib, yeni monarxın tacqoyma mərasimi keçirilib. Bir müddət əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyada rəsmi səfərdə olub”.

Səfir iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mühüm səviyyəsini də qeyd edib: “Böyük Britaniya azərbaycanlı tələbələr üçün prioritet ölkədir”.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi sahəsində iki ölkə arasında əməkdaşlığı şərh edən F.Auld qeyd edib ki, bu ilin əvvəlindən Böyük Britaniyanın yardımı 1 milyon funt-sterlinqi keçib: “Bundan əlavə, 22 Azərbaycan hərbçisi Böyük Britaniyanın dəstəyi ilə təlim keçib”.