Sabirabadda zəngilanlı məcburi köçkünlər üçün salınmış qəsəbədə ikinci ildir ki, ipəkqurdu bəslənilir. Dövlət başçısının ölkəmizdə barama istehsalının artırılması ilə bağlı verdiyi tapışırıq və tövsiyələr, imzaladığı sərəncamlar uzun illər bu sahədə zəngin təcrübəsi olan zəngilanlı ipəkçilərin də ürəyincə olub.

Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Möhübbət Səmədov bildirib ki, artıq qəsəbədə yaşayan baramaçılar bəslədikləri ipəkquru toxumundan əldə etdikləri məhsulun tədarükünü başa çatdırıblar. Baramaçılar ipəkqurduna nümunəvi qulluq etdiklərindən məhsul gözləniləndən də çox olub. Tədarük məntəqəsinə 1 ton 22,5 kiloqram barama təhvil verilib ki, bu da ötən ildəkindən 522,5 kiloqram çoxdur.

Qəsəbə sakini Zaur Quliyev Zəngilan rayonu erməni hərbi birləşmələri tərfindən işğal olunana qədər barama istehsalı ilə məşğul olub və bu sahədə yaxşı təcrübəsi var. “Uzun illərdən sonra bu il 4,5 qutu ipəkqurdu toxumu götürüb ailə üzvlərimlə birgə bəslədik və 168 kiloqram məhsul götürdük. Hesablamama görə, məhsulun dəyəri 1500 manatdan çox olacaq. 40-45 gün ərzində bu qədər qazanc götürmək məni qane edir”, - deyə kümçü bildirib.

Qeyd edək ki, ötən il 6 zəngilanlı məcburi köçkün ailəsi ipəkqurdu bəsləyib və 500 kilqoram barama istehsal olunub.(azərtac)