Saatlı rayonu Məmmədabad və Əliabad kəndlərinin fermerləri öz sahələrini suvarmaq üçün su tapmırlar. Bu səbəbdən də əkilən pambıq sahələrinin susuzluqdan yanması fermerlər arasında təşvişə səbəb olub. Acınacaqlı vəziyyət artıq sosial şəbəkələrdə də geniş müzakirəyə çevrilib.

İqtisadiyyat.Az saytı məsələ ilə bağlı Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC ilə əlaqə saxlasa da müraciətimiz cavabsız qaldı. Lakin Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirdi ki, artıq məsələ nəzarətə götürülüb:

“Biz Saatlı rayon şöbəsi ilə məsələni müzakirə etdik. Sözügedən problemin həlli Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC ilə müştərək olduğu üçün məsuliyyət həm də bu qrumun üzərinə düşür.”

Qeyd edək ki, bu problem bir neçə gündür ki, davam edir.

 

Mehman Nəbiyev