Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov İranın Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali ilə Qəzza zolağındakı vəziyyəti və ümumilikdə Fələstin probleminin həlli perspektivlərini müzakirə edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya diplomatik departamenti məlumat yayıb.

"Rusiya xarici işlər nazirinin müavini Boqdanov dekabrın 20-də Mərakeşdə keçirilən Rusiya-Ərəb Əməkdaşlıq Forumunun altıncı sessiyasının yekunları barədə məlumat paylaşıb. Qeyd edilib ki, Ərəb Dövlətləri Liqası və onun üzvləri ilə bu ünsiyyət qarşılıqlı maraq kəsb edən geniş spektrli aktual regional məsələlər üzrə fikir mübadiləsi aparmaq üçün imkan yaradır", - nazirliyin məlumatında deyilir.

"Qəzza zolağında yaranan vəziyyətə və bütövlükdə Fələstin probleminin həlli perspektivlərinə xüsusi diqqət yetirilib", - məlumatda qeyd edilib.

"Moskva və Tehranın fəal siyasi dialoqun davam etdirilməsi və Yaxın Şərqdəki böhranların və münaqişələrin sülh yolu ilə həlli lehinə yanaşmaların əlaqələndirilməsinə dair qəti öhdəliyi ifadə edilib", - Rusiya XİN-in bəyanatında deyilir.