Rusiya qaz sektorunda, o cümlədən yataqların işlənməsi və svop qaz tədarüklərindən istifadə sahəsində əməkdaşlığı genişləndirmək üçün İranla danışıqlar aparır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Nikolay Şulqinov Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin Qazaxıstanda keçirilən enerji forumunda bildirib.

“Rusiya şirkətləri İranda beş neft yatağının işlənməsini davam etdirirlər. Şimal-Cənub dəmir yolunun inkişafı ölkələr arasında daha da böyük əməkdaşlığa kömək edəcək”, - deyə o, vurğulayıb.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı üzvləri Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Rusiya, Tacikistan və Özbəkistandır. Forum zamanı xüsusilə neft-qaz sənayesi, elektrik enerjisi, nüvə energetikası, kömür sənayesi üzrə aktual məsələlərin müzakirəsi planlaşdırılır.

 

Gözəl Həşimova