Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, "Taxıl sazişi" ilə bağlı razılaşmalar dayandırılıb. Sazişin Rusiya ilə bağlı hissəsi həyata keçirilən kimi Moskva dərhal “Taxıl sazişinə”nə qayıdacaq.

Maraqlıdır ki, "Taxıl Sazişi"nin dayandırılması qlobal iqtisadiyyata necə təsir edəcək?

 

 

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, "Taxıl Sazişi"nin müddətinin yenilənməməsi sadəcə qısamüddətli təlatüm dövrü yarada bilər:

"Ümumilikdə "Taxıl Sazişi"nin müddətinin uzadılması ehtimalı yüksəkdir. Rusiya tərəfi indiki vəziyyətdə maksimum təsir göstərməklə tətbiq olunmuş sanksiyalarla bağlı müəyyən güzəştlər əldə etmək istəyir. Rusiyanın sazişin müddətini uzatmaqdan başqa çıxış yolu yoxdur. Çünki Rusiya "Taxıl Sazişi"nin müddətini uzatmayacağı təqdirdə rəsmi Moskvaya qarşı olmayan ölkələrlə münasibətini korlaya bilər. Bu ölkələrdən biri də Türkiyədir. 

"Taxıl Sazişi"nin dayanmasının Azərbaycana təsirinə gəlincə, çörəyin və unun qiymətinə gec təsir edə bilər. Müşahidələrə görə, dünya bazarında buğdanın qiyməti qalxdıqdan 3-4 ay sonra Azərbaycanın yerli bazarına təsir edir. Ona görə ki, ölkəmiz ərzaq təhlükəsizliyinə daha etibarlı və starteji mövqedən yanaşır. Azərbaycanın buğda ehtiyatı qısamüddətli dövr üçün risk yaşamır. Sadəcə olaraq müəyyən təsərrüfat subyektləri məhdudiyyətlər tətbiq edə bilərlər. Halbuki buna ehtiyac yoxdur. Dünya bazarında taxılın qiymətinin 2022-ci ildəki maksimal buğda qiymətinə çatacağı gözlənilmir". 

 

 

İqtisadçı Xalid Kərimli isə öz növbəsində qeyd edib ki, son 12 ayda dünya bazarında taxıl qiymətlərində ucuzlaşma yaşanırdı:

"Qarğıdalı, buğda, arpa və qarabaşaq bu siyahıda gedir. Son 1 ildə bu dənli bitkilər ortalama 30%-ə qədər ucuzlaşmışdı. Çünki biri ucuzlaşanda, digəri də ucuzlaşmağa meylli olur. Ona görə ki, bu dənli bitkilər bir-birini əvəz edə bilir. "Taxıl Sazişi"nin işləməməsi ilə bu ucuzlaşma dayanacaq. Lakin ötən ilki gərginlik yenə də müşahidə olunmayacaq. Yəni keçən ildən fərqli olaraq, qiymətlər kəskin bahalaşmayacaq. Çünki Ukrayna Polşa və Rumıniya üzərindən Avropaya taxıl ixrac edə bilir. Ukrayna tam olaraq taxıl bazarından çıxmayacaq. Ən azı quru xətt işləyəcək". 

Dünya bazarında taxılın həcminin artmasına da toxunan iqtisadçının sözlərinə görə, bu, bazardakı “satıcı” ölkələrin aktivliyi ilə bağlıdır: 

“Ötən ildən fərqli olaraq, bu il Rusiya, Braziliya və Amerika dünya bazarına daha çox taxıl çıxara bilir. Əkin yerlərini artırıblar, bununla da məhsuldarlıq artıb. Bundan başqa, keçən il Rusiya taxıl ixracına rüsum tətbiq edirdi. Bu il o rüsumun miqdarını azaldıb. Bunun özü də taxıl qiymətlərinə təsir edib. Bu amillər taxıl qiymətlərinin kəskin bahalaşmasının qarşısını alacaq. Qiymətlərin ucuzlaşması dayanacaq. Sadəcə müəyyən artım ola bilər ki, bazar bu vəziyyətə öyrəşəcək".

 

Gülşən Şərif