“Ümid edirik ki, dəqiq mina xəritələri, həmçinin itkin düşmüş şəxslərin sonrakı taleyi, onlara aid məzar yerləri barədə məlumatlar Ermənistan tərəfindən Azərbaycana təqdim ediləcəkdir. Hər iki tərəfə aid itkin düşmüş şəxslərin meyit qalıqlarının tapılaraq eyniləşdirilmə aparılması uzun müddət mövcud olan humanitar böhranın aradan qaldırılmasına xidmət edərdi.
Biz bu istiqamətdə hərtərəfli əməkdaşlığa hazırıq. Lakin ötən dövrdə bu sahədə biz Ermənistanın konstrukrtiv mövqe tutacağına ümid etsək də, gözləntilərimiz özünü tam doğrultmadı. Bu konfransın yaratdığı imkanlardan istifadə edərək rəsmi İrəvanı əsir və girov götürülmüş vətəndaşlarla bağlı məsələlərdə daha sıx əməkdaşlığa dəvət edirəm”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.