BMT-nin Baş katibi Antonio Quterreş Livan və İsrail arasında Mavi Xəttdə BMT-nin Atəşkəsmə Nəzarət Təşkilatının (UNTSO) üç əməkdaşının yaralanmasına səbəb olan partlayışı pisləyib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şənbə günü baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin yaydığı bəyanatda deyilir.

"Baş katib bu gün (martın 30-da) Livanda Müşahidəçilər Qrupunun patrulunu vuran, üç UNTSO hərbi müşahidəçisinin və bir linqvistik köməkçinin yaralanması ilə nəticələnən partlayışı pisləyir", - bəyanatda deyilir.

"Keçən il oktyabrın 8-dən Livan və İsrail arasında Mavi Xətt boyunca yaranmış və Livanın qeyri-dövlət silahlı qrupları ilə İsrail Müdafiə Qüvvələrinin (IDF) gündəlik olaraq atəş açdığı bölgədə vəziyyət ciddi narahatlıq yaratmağa davam edir. Bütün tərəflər BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq hərbi əməliyyatların dayandırılmasına dair növbəti pozuntulardan çəkinməli və böhranın diplomatik həlli istiqamətində çalışmalıdırlar", - Düjarrik bildirib.

Livanın Milli Xəbər Agentliyinin şənbə günü verdiyi məlumata görə, İsrail ordusunun pilotsuz uçuş aparatı respublikanın cənubundakı Rmeiş kəndi yaxınlığında Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) avtomobilinə hücum edib. Birbaşa zərbə nəticəsində 3 hərbçi və bir mülki tərcüməçi yaralanıb. 

IDF UNIFIL avtomobilinin atəşə tutulması ilə bağlı xəbərləri təkzib edib.