Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, vətəndaşlar arasında aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakinləri müvafiq sənədləri olmadan saxladıqları ümumilikdə 4 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Təklə Mirzəbaba kəndində məişət tullantılarının qalaqlanması halları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib olunub.