Dünya Bankı (DB) və Birləşmiş Millətlər Təşkilatı (BMT) 2023-cü ilin oktyabrından bu ilin yanvarınadək Qəzza zolağının infrastrukturuna dəymiş ziyanı 18,5 milyard dollar qiymətləndirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə iki strukturun birgə hesabatında məlumatlar verilib.

Sənəddə qeyd edilib ki, dörd ay ərzində dəymiş ziyan Fələstinin 2022-ci il üçün ÜDM-nin 97%-nə bərabərdir. Ən çox mənzil sektoru zərər çəkib. Belə ki, dəymiş ziyanın beşdə dörddən çoxu yaşayış binalarında (ümumi məbləğin 72%-i) və ticarət, sənaye və xidmət sahələrində (ümumi məbləğin 9%-i), qalan 19%-i isə kritik obyektlərdə baş verib. Ümumi zərərin demək olar ki, 80%-i Qəzza, Şimali Qəzza və Xan Yunis əyalətlərində baş verib.

Dünya Bankı və BMT-nin fikrincə, davam edən münaqişə nəticəsində Qəzza iqtisadiyyatı üçün dəyən zərər son iqtisadi tarixdə ən böyük zərbələrdən biridir. Qəzza zolağının əhalisinin 74%-i işsizdir. 2023-cü ilin son rübündə Fələstin anklavının ÜDM-i illik müqayisədə 86% və ya 24% azalıb. Yenidənqurma səyləri 2024-cü ildən sonra başlasa, Qəzzada iqtisadi daralmanın bu il əhəmiyyətli dərəcədə pisləşəcəyi və 50%-i (əvvəlki illə müqayisədə) keçəcəyi proqnozlaşdırılır.

Hesabatda deyilir ki, münaqişə Qəzzada görünməmiş və sürətlə pisləşən humanitar böhran yaradıb. Belə ki, martın 14-nə olan məlumata görə, Fələstin anklavında 31 mindən çox insan həlak olub, onların təxminən 70%-i qadın və uşaqlar olub, 1,7 milyon insan isə evlərini tərk etmək məcburiyyətində qalıb. Qəzza əhalisinin yarıdan çoxu aclıq astanasındadır. Eyni zamanda, müəlliflər vurğulayırlar ki, söhbət ilkin hesablamalardan gedir.